Accessibility links

BMT-nin İran üzrə xüsusi məruzəçisi azərbaycanlıların ana dilində təhsil hüququndan məhrum olması ilə bağlı narahatlığını bildirib


Cavid Rəhman

BMT-nin İranda insan haqları üzrə xüsusi məruzəçisi Cavid Rəhman İranda insan hüquqları pozuntuları barədə növbəti hesabatını yayımlayıb.

Mart ayının 6-da keçiriləcəyi gözlənilən BMT-nin İnsan Haqları Şurasında təqdimat üçün hazırlanan son hesabat iki ümumi hissədən ibarətdir.

Birinci hissədə İranda insan haqları ilə bağlı mövcud olan son durum, digər hissədə isə İranda insan haqları sahəsində vəziyyətinin yaxşılaşdırılması ilə bağlı təkliflər barədə bəhs olunur.

Hesabatın İranda yaşayan etniklərə həsr olunmuş hissəsində noyabr aksiyaları zamanı digər etniklərlə birgə Azərbaycanlı milli fəalların həbs edilməsi barədə məlumat verilərək, onlara qarşı təzyiqlərin hələ də davam etdirildiyi qeyd edilib. Həmçinin İran Azərbaycanında yaşayan türklərin ana dilində təhsil hüququndan məhrum olduqları açıqlanaraq, bu haqqı tələb etməyə cəhd göstərən fəalların həbs edildiyi bildirilib.

“Xüsusi Məruzəçi azlıqların iqtisadi, sosial və mədəni hüquqlarının pozulması ilə bağlı narahatlıq doğuran məlumatlar almağa davam edir. Məsələn, kürd, Əhvaz ərəbləri və Azərbaycanlı türk icmaları ana dillərində təhsil almaq imkanlarının məhdud olmasından narahatdırlar” – deyə məruzənin 12-ci səhifəsində Azlıqların Vəziyyəti bölümündə qeyd olunub.

Bu hesabat Birləşmiş Millətlər Təşkilatının Baş Məclisinin 167/74 saylı qərarı əsasında hazırlanmışdır.

BMT-nin İranda insan haqları üzrə xüsusi məruzəçisi Cavid Rəhman hesabatında ölüm hökmünün hələ də icra edilməsi, yaşı 18-ə çatmamış uşaqlara ölüm hökmü verilməsi, fikir və ifadə azadlıqlarının məhdudlaşdırılması, məhbusların statusu, aksiya və etiraz etmək azadlığı, qadın və azlıqların vəziyyətini araşdırıb.

Hesabatda xüsusi məruzəçinin 2019-cu ilin noyabr ayında etirazlar zamanı ölənlərin sayı, ağır yaralanma halları və həbs edilən şəxslərə pis rəftar edildiyi haqda məlumatları şok kimi qarşıladığı bildirilir. BMT məruzəçisinin araşdırmalarına görə, məhbuslar məcburi etiraflar üçün işgəncə və pis rəftara məruz qalıb. Ayrıca aksiyalarda yaralanan etirazçılara müalicə olunmaq üçün icazə verilməyib.

Cavid Rəhman ayrıca azlıqlara və qadınlara qarşı ayrıseçkilik siyasəti barədə məlumat aldığını bəyan edib. O həmçinin İranda uşaqlar və qadınların müdafisinə dair qanunların olmamasından narahatlığını bildirib.

BMT-nin İran üzrə xüsusi məruzəçisi daha öncə ötən il iyulun 18-də İranda insan haqlarının pozulması barədə açıqladığı hesabatda milli fəallara təzyiqlər barədə məlumat vermişdi.

Cavid Rəhman iyulda açıqladığı hesabatında 82 Azərbaycanlı türkün təhlükəsizlik qüvvələri tərəfindən həbs edildiyini bildirmişdi. O saxlanılanların bir hissəsinin ittihamının 2019-cu ilin may ayında Traktor və Persepolis komandalarının Tehrandakı futbol matçı zamanı Azərbaycanı dəstəkləyən şüarlar səsləndirmək olduğunu qeyd etmişdi.

2018-ci ilin iyulunda Birləşmiş Millətlər Təşkilatının İran İslam Respublikasında insan hüquqları ilə əlaqədar xüsusi məruzəçisi təyin edilən Cavid Rəhman həmin ayın 13-dən etibarən rəsmi olaraq vəzifəsinin icrasına başılayıb. O, 2019-cu ilin iyulunda İranla bağlı ilk hesabatını təqdim edib.

XS
SM
MD
LG