Britaniyanın baş naziri Tereza Mey və Avropa Komissiyasının sədri Jan Klod Yunker bir gün əvvəl razılıq əldə edə bilmədikdən sonra bu gün hər iki tərəfin Britaniyanın Avropa İttifaqından çıxması ilə bağlı razılıq əldə edəcəyinə əminlik ifadə edib.
Mey və Yunker bazar ertəsi Brusseldə görüşüb və 2019-cu il martın 29-u Britaniyanın Avropa İttifaqından çıxmasının şərtlərini müəyyən etməyə çalışıb.
“Bu həftənin sonu biz burada, Brusseldə Birləşmiş Krallıqla daha bir sessiya keçirməyə hazırıq. Mən hələ də dekabrın 15-i Avropa Şurasında kifayət qədər tərəqqi əldə edəcəyimizə əminəm” – deyə Jan Klod Yunker bildirib.
Mey bəzi məsələlərdə fikir ayrılıqlarının qalmaqda davam etdiyini bildirib. Amma o, eyni zamanda danışıqların müsbət nəticələnəcəyi ilə bağlı əminliyini ifadə edib.
Həll edilməyən məsələlərə Britaniyanın idarə edtiyi Şimali İrlandiyanın Aİ ilə vahid bazar qaydalarına uyğun münasibətləri davam etdirib-etdirməyəcəyi daxildir. Bu qaydalara görə insanlar Şimali İrlandiya və İrlandiya arasında sərhədi keçə bilər. Digər məsələ isə Britaniyada yaşayan 3 milyon avropalının hansı hüquqlara malik olacağını müəyyən etməkdir.