Accessibility links

Daren MakDyu: Azərbaycan ABŞ-ın regionda azad naviqasiyadan bəhrələnməsinə yardım göstərəcək


ABŞ-ın nəqliyyat komandanı Darren MakDyu

ABŞ-ın Bakıda səfərdə olan nəqliyyat komandanı general Darren MakDyu (Darren McDew) Xəzərdə estakadanın uçması nəticəsində baş verən faciə ilə bağlı Azərbaycan xalqına başsağlığı verib.

APA agentliyinin məlumatına görə, cənab Darren MakDyu dekabrın 17-də Bakıda keçirdiyi brifinqdə deyib ki, Xəzərdə Azərbaycan neftçilərinin itkin düşməsini kədərlə qarşılayıb.

“Bu bədbəxt hadisə nəticəsində ölən və itkin düşən neftçilərin ailələrinə başsağlığı verirəm. Bu xəbəri çox böyük kədərlə qarşıladım”, o qeyd edib.

Nəqliyyat komandanı Ermənistan-Azərbaycan münaqişəsindən danışarkən deyib ki, Dağlıq Qarabağ çox mürəkkəb münaqişədir.

“Biz başa düşürük ki, münaqişənin dinc və sülh yolu ilə həlli asan olmur".

D. MakDyu ABŞ-ın ATƏT-in Minsk qrupu çərçivəsində həyata keçirilən sülh danışıqlarında mövqeyinə də toxunub.

"Düşünürəm ki, münaqişə tərəfləri bir araya gələrək məsələləri müzakirə etdikləri, ümumi məxrəcə gəldikləri halda, ABŞ Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinin tapılmasına öz dəstəyini verəcək", MakDyu bildirib.

General Azərbaycanın Əfqanıstanda sülhyaratma əməliyyatlarında iştirakından danışarkən deyib ki, dünya ictimaiyyətinə Azərbaycan kimi ölkələr lazımdır. Azərbaycan sülhpərvər, təhlükəsiz və daim inkişaf edən ölkədir.

APA bildirir ki, nəqliyyat komandanı səfəri zamanı ABŞ-Azərbaycan münasibətlərini müzakirə etdiyini diqqətə çatdırıb.

“Qeyd etmək istəyirəm ki, Azərbaycan prezidenti İlham Əliyev çox müstəsna bir liderdir. Biz cənab prezident və müdafiə naziri ilə görüşdə ABŞ və Azərbaycan arasında təhlükəsizliklə bağlı əməkdaşlığı və bu əməkdaşlığın gələcək perspektivlərini müzakirə etmişik. Azərbaycan strateji əhəmiyyəti olan bir ölkədir. Buna görə də Azərbaycanın sözügedən sahələrdə gördüyü işlər çox müsbət təəssürat yaradır. Əfqanıstana səfərim çərçivəsində bu ölkədəki sülhməramlı əməliyyatların rəhbəri ilə görüşüm zamanı o mənə Azərbaycanın məhz sözügedən əməliyyatlarda müstəsna rol oynadığını qeyd edib.

O məndən xahiş etdi ki, Əfqanıstanda sülhyaratma əməliyyatlarına verdiyi töhfələrə görə Azərbaycan rəhbərliyinə minnətdarlıq edim. Düşünürəm ki, məhz Azərbaycanın bu rolu sayəsində həm regionda, həm də dünyanın müxtəlif dövlətlərində təhlükəsizlik və sabitlik qorunacaq”, D. MakDyu bildirib.

Onun sözlərinə görə, ABŞ və Azərbaycan təhlükəsizlik sahəsində çox faydalı əməkdaşlığa qoşulub.

“Düşünürəm ki, Azərbaycan əsgərləri digər dövlətlərdən olan həmkarlarla birgə xidmət edərək onların təcrübələrindən bəhrələnmək imkanı əldə edib, yeni, müasir avadanlıqlarla tanış ola biliblər. Düşünürəm ki, bu əməkdaşlıq Azərbaycan üçün də faydalı olub. Azərbaycan kimi 25 ildir müstəqil olan ölkə ilə tərəfdaşlıq etmək həqiqətən də bizim üçün xoşdur. Azərbaycan 25 il ərzində ABŞ-ın regionda güclü tərəfdaşına çevrilib”.

Generalın fikrincə, Azərbaycan prezidenti İlham Əliyevin nəqliyyat şəbəkəsinin təkmilləşdirilməsi baxımından həyata keçirdiyi tədbirlər nəinki Azərbaycanın, o cümlədən bütün regionun iqtisadiyyatının inkişafı üçün vacibdir.

"Bu tədbirlər nəticəsində Azərbaycan ABŞ-ın regionda azad naviqasiyadan bəhrələnməsinə yardım göstərəcək”, nəqliyyat komandanı qeyd edib.

XS
SM
MD
LG