Britaniya çərşənbə axşamı bildirib ki, xaricdən gələn səyahətçilərin ölkəyə daxil olduqdan bir neçə gün sonra COVID-19 testləri mənfi çıxdıqda onlar daha qısa təcrid müddəti ilə qarşılaşacaq.
Mövcud qaydalara əsasən 14 gün karantin tələb edilir. Dekabrın 15-dən etibarən səyahətçilər 5 gündən sonra pul ödəyərək, test keçirə biləcək və testlin nəticəsi mənfi olsa təcridlərinə son verə biləcəklər.
Almaniyanın 16 ştatının rəsmiləri gələn ay Milad bayramı tətili və ailələrin bir araya gəlməsini daha təhlükəsiz etmək üçün yollar axtarır.
Ştatlar tətildən bir neçə həftə əvvəl koronavirusun yayılmasının qarşısını almaq üçün məhdudiyyətləri sərtləşdirmək, daha sonra isə kiçik toplantılara icazə vermək haqda razılığa gəlib.
Rəsmilərin bu planı çərşənbə günü kansler Angela Merkellə müzakirə edəcəyi gözlənilir.
İtaliyanın baş naziri Cuzeppe Konte Miladla əlaqədar narahatlıqlarını ifadə edib və çərşənbə axşamı insanları xizək gəzintilərinə çıxmağı planlaşdırmamağa çağırıb.
Konte tətilin "qar üzərində keçirilməsinə imkan verilməməli olduğunu" bildirib və "bu, bizə baha başa gələ bilər" deyib.
İtaliya pandemiyanın ilk mərhələdə ən çox təsirinə məruz qalan ölkələrdən biri idi və bazar ertəsi dünyada ölənlərin sayının 50000-ni keçdiyi altıncı ölkə oldu.
Regiondakı qaynar nöqtələrdən biri olan İspaniyada da turizmdə kəskin azalma müşahidə edilib. Milli Statistika İdarəsinin çərşənbə axşamı verdiyi məlumata görə, oktyabr ayında mehmanxanalara sifarişlərin sayı keçən ilin eyni dövrü ilə müqayisədə 83% azalıb.
Bu həftə Birləşmiş Ştatlarda Şükran bayramının qeyd edilməsi narahatlıqlara səbəb olub. Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi ölkədə COVID-19-a yoluxmaların sayının artması fonunda insanları səyahət etməməyə və geniş ailə toplantıları keçirməməyə çağırıb.
Cons Hopkins Universitetinin statistikasına görə, dünya boyu koronavirusa 59 milyondan çox insan yoluxub.