Accessibility links

Bu il yumurta nə az, nə çox, düz 3 dəfə bahalaşıb


Bakıda yumurta qıtlığı hiss olunur. Üstəlik, market və mağazalarda yumurtanın qiyməti bahalaşıb.

Market satıcıları AzadlıqRadiosuna açıqlamalarında bir neçə gündür ki, yumurtanın az gəldiyini bildiriblər.

Onların dediyinə görə, yumurta son zamanlar xeyli bahalaşıb. Əvvəllər 10-11 qəpiyə satılan kiçik ölçülü yumurtaların qiyməti indi 17 qəpiyə qalxıb. Orta ölçülü yumurtalar 19-20 qəpiyə satılır. Bəzi dükanlarda belə yumurtalar bir qədər də bahadır - 22 qəpik...

"Hər şeyi qaldırırlar"...

Bakı bazarlarında da yumurta bahalaşıb. Ən bahalısı kənd yumurtası kimi satılanlardır. Belə yumurtaların bir ədədi əvvəllər 20-22 qəpiyə satılırdısa, indi onların qiyməti 30 qəpiyə qədər bahalaşıb.

"İki-üç gündür bahalaşıb. Əvvəl 20 qəpiyə alıb, 23-25 qəpiyə satırdıq. İndi 25 qəpiyə alırıq. Topdan 28-29 qəpiyə satırıq. Dənə ilə isə 30 qəpiyə satırıq", bazarlardan birində satıcı Səkinə Talıbova belə deyir.

Alıcılar da öz büdcələrinin yumurtanın bahalaşmasından təsirləndiyini deyirlər.

"Kənd yumurtası 20 qəpikdən 30 qəpiyə qalxıb. 10 qəpik burada fərq edir, 2-3 qəpik də o biri yumurtalarda. İndi 10 dənə ala bilmirəm, məcburam 4 dənə alım. Son 3 gün ərzində belədir. Bir həftə əvvəldən başlayıb, ancaq son 3 gündə çox dəyişib", özünü təqdim etməyən alıcılardan biri deyir.

Başqa bir alıcı isə deyir ki, yumurtanı çox baha satırlar. “Yumurta həmişə lazım olan şeydir. Bir növ təcili yeməkdir. Hər şeyi qaldırırlar, yumurtanı niyə qaldırırılar?", alıcı narazılıqla sual edib.

DSK da "bahalaşıb" deyir...

Dövlət Statistika Komitəsi (DSK) də yumurtanın bahalaşmasını təsdiqləyir.

Qurumun oktyabrın 10-da açıqlanmış rəsmi məlumatına görə, sentyabr ayı ərzində bəzi məhsullar bahalaşıb. Qurum yumurta ilə bərabər unun, manna yarmasının, mal, qoyun və toyuq ətinin də bahalaşdığını bildirib. Rəsmi məlumatda bahalaşmanın səbəblərindən danışılmır.

Ekspertlər bahalaşmanın müxtəlif səbəblərdən qaynaqlandığını ifadə edirlər.

Kənd təsərrüfatı məsələləri üzrə ekspert Vahid Məhərrəmov deyir ki, bu il yumurta nə az, nə çox, düz 3 dəfə bahalaşıb.

İşbazların əməli, yoxsa, istehsal istehlakı ödəmir?

"Azərbaycanda daxili təlabatı tam ödəmək üçün ildə təxminən 3 milyard ədəd yumurta istehsal olunmalıdır. Ancaq 1,6 milyard ədəd istehsal olunur. Belə olan halda defisit yaranır. Bundan da bəzi halda sui-istifadə edirlər", deyən ekspert əsas səbəblərdən biri kimi əhalinin istehlakı qədər məhsulun istehsal olunmamasını göstərir.

O, bu ilin 9 ayının yekunları ilə bağlı Nazirlər Kabinetinin iclasında ölkə başçısının çıxışını xatırladır, hökumətin bahalaşmaya etinasız yanaşdığını vurğulayır.

“Bu ilin doqquz ayında yumurtanın qiyməti 3 dəfə bahalaşıb. Ancaq 9 ayın yekunlarına dair iclasda prezident İlham Əliyev pambıqdan, zeytundan, baramadan danışdı, yumurtadan bir kəlmə də olsun danışmadı”

Azərbayan Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev isə güman edir ki, bahalanma varsa, bu işbazların əməli ola bilər.

Yumurtanın bahalaşmasına əvvəlki illərdə bir neçə dəfə prezident İlham Əliyev də münasibət bildirib.

Prezident keçirdiyi müşavirələrin birində bunu süni şişirtmə adlandırmış, gərəkli addımların atılmasına tapşırıq vermişdi. Həmin vaxt prezidentin çıxışından sonra yumurtanın qiyməti ucuzlaşmışdı.

XS
SM
MD
LG