Oktaybrın 19-da Vaşinqtonda Cons Hopkins Universitetinin Mərkəzi Asiya - Qafqaz İnstitutunda Azərbaycanın müstəqilliyinin əldə olunmasının 25-ci ildönümü ilə əlaqədar Azərbaycan və Qafqazı Qarşıda Gözləyən Yol adlı konfrans keçirildi. Konfransın moderatoru Mərkəzi Asiya - Qafqaz İnstitutunun direkoru Svante Kornel idi.
Tədbirdə çıxış edən Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov Azərbaycanın son 25 ildə əldə etdikləri nailiyyətləri vurğuladı.
O, Azərbaycanın müstəqillik yolunda bir çox çətinliklərlə üzləşdiyini, lakin buna baxmayaraq yüksək səviyyəli inkişaf əldə etdiyini bildirdi.
Təbii ki, Azərbaycan, ABŞ-da daxil olmaqla, dünyadakı bütün digər ölkələri kimi qeyri-mükəmməl bir cəmiyyətdir. Bunu nəzərə alaraq, bir tək Azərbaycana irad tutmaq ədalətsizlikdir. Gəlin səmimi, obyektiv söhbət aparaq və hər şeyi, bizim doğru və yanlışlarımızı birlikdə müzakirə edək.Elin Süleymanov
Cənab Süleymanov Azərbaycanın regiondakı ölkələrlə yaxın əməkdaşlıq etdiyini və öz inkişafı üçün onların da inkişafına yardım etdiyini bildirdi və həmçinin Azərbaycanın regiondakı ölkələr arasında bir çox baxımdan irəlidə olduğunu vurğuladı. Cənab səfir Azərbaycanın hər zaman öhdəliklərinə sadiq qaldığını qeyd etdi.
Səfirin çıxışından sonra tədbir sual-cavab sessiyası ilə davam etdi.
MakKeyn İnstitutunun İnsan Haqları və Demokratiya bölməsinin direktoru, Freedom House təşkilatının sabiq sədri Deyvid Kramerin Azərbaycandakı insan haqları vəziyyətilə bağlı sualına cavab olaraq cənab Sülyemanov hər bir ölkə kimi Azəerbaycanda da bir çox problemlərin olduğunu, lakin hakimiyyətin bu problemləri aradan qaldırmaq üçün əlindən gələni etdiyini bildirdi və ölkəyə qarşı iradları olanları daha qərəzsiz dialoq aparmağa çağırdı.
“Təbii ki, Azərbaycan, ABŞ-da daxil olmaqla, dünyadakı bütün digər ölkələri kimi qeyri-mükəmməl bir cəmiyyətdir. Bunu nəzərə alaraq, bir tək Azərbaycana irad tutmaq ədalətsizlikdir. Gəlin səmimi, obyektiv söhbət aparaq və hər şeyi, bizim doğru və yanlışlarımızı birlikdə müzakirə edək.”
Amerikanın Səsinin Ekstremizm şöbəsinin əməkdaşının Azərbaycandakı təhlükəsizlik vəziyyəti ilə bağlı sualına isə cənab səfir Azərbaycanda daxili terrorizm probleminin olmadığını, lakin xarici terrorizmə diqqət yetirildiyini dedi. O qeyd etdi ki, Azrbaycanda terrorizm məsələsi çox ciddi hesab edilir, terroristlərin maliyyələşdirilməsi üçün pulların yuyulmasına qarşı tədbirlər görülür və bu məsələ ilə bağlı bir sıra qanunlar qəbul edilib.