Kaliforniyanın şimalındakı yanğınlar bu həftə azalıb və yanğınsöndürənlər bu genişmiqyaslı yanğınların öhdəsindən gəldiklərini deyir. Lakin onların hələ də çox işi var.
Bura Şimalı Kaliforniya yanğınsöndürənlərinin gözləmə məntəqəsidir və onlar bu gün nə edəcəkləri barədə göstərişi gözləyirlər.
Kaliforniyadakı yanğınla mübarizədə vertolyotlar, təyyarələr və buldozerlərdən əlavə 10 mindən çox yanğınsöndürən iştirak edib. Kaliforniya Yanğınsöndürmə Departamentinin sözçüsü Cey Smit: “Bizə yardıma şərq bölgəsindən tutmuş, Birləşmiş Ştatların hər yerindən yanğınsöndürən gəldi. Buraya hətta Avstraliya kimi ölkələrdən də yardım qrupları gəldi.”
Yanğınsöndürənlər burada etdikləri hər şeyin onlar üçün bir təcrübə olduğunu deyirlər. Bəzən işlərə vaxt çatmırdı. Onların dincəlməyə və yanacaq doldurmağa belə vaxtları olmurdu. “Bilirsiniz, əslində bu burulğan kimidir. Yanğınsöndürənlərin çoxunun buna öz münasibəti var. Sən öz işini görməli, başa çatdırmalısan. Gedək işimizi görək ki, insanlar evlərinə qayıda bilsin” deyə, Cey Smit bildirir.
Kaliforniyalılar ağır işinə görə yanğınsöndürənlərə minnətdardır. Lakin emosiyalar indi özünü büruzə verməyə başlayır. Rinkon mahalının yanğınsöndürmə idarəsindən Rayan Kaptain: “Emosiyalar hər şey bitdikdən, duman çəkildikdən sonra üzə çıxır. Hazırda hisslər dumanlıdır.”
Böhranın başa çatdığı bir vaxt, həm yanğınsöndürənlər, həm də icma üçün nəyin itirildiyi və nəyin xilas edildiyinin anlaşılması vaxtıdır.