Accessibility links

Cumhuriyyet qəzetinin əməkdaşları silah qaçaqmalçılığı xəbərinə görə yenidən ittiham olunur


Cümə günü Türkiyədə iki jurnalist məhkəmə önünə çıxarılıb. Onlar dövlət sirlərini yaymaq və hökümətin Suriyaya silah keçirdiyini iddia edərək terrorçu təşkilata yardım etməkdə ittiham olunurlar.

Cumhuriyyet qəzetinin baş redaktoru Can Dündar və Ankara bürosunun rəhbəri Erdem Gülün təqsirli olduqları sübut olunsa, onlar ömürlük həbs cəzası ala bilər.

Jurnalistlər 2014-cü ilin yanvar ayında çəkilmiş və yük maşınlarının Türkiyədən Suriyaya keçdiyini göstərən şəkilləri nəşr etməkdə ittiham olunur. Qəzet bu şəkillərin Türkiyənin qaçaqmalçılıq yolu ilə Suriyaya silah keçirdiyininin sübutu olduğunu iddia edir.

O zamandan bəri prezident Rəcəb Tayyib Ərdoğan yolda Türkiyə jandarması və polisi tərəfindən saxlanılan yük maşınlarının kəşfiyyat agentliklərinə məxsus olduğunu və Suriyada həm prezident Bəşər Əl-Əsəd, həm də İslam Dövlətinə qarşı döyüşən türkmənlərə yardım daşıdığını deyib.

Türkiyə höküməti həm də Cumhuriyyet qəzeti müxbirlərinin ABŞ-da yaşayan Ərdoğanın rəqibi Fətullah Gülənin başçılıq etdiyi islamçı hərəkatına yardım etdiyini idda edir.

Cümə günü hakim prokurorun tələbi üzərinə məhkəmə prosesinin bağlı qapılar arxasında keçirilməsinə göstəriş verib. Məhkəmə Ərdoğanı şikayətçi olaraq qəbul edib.

Məhkəmə zalına daxil olmadan öncə Can Dündar Konstitusiya məhkəməsinin qərarını qəbul edərək onlara qarşı ittihamları ləğv edəcəyinə ümid etdiyini bildirib. Dündar faktlar barədə məlumat verərək səhv hərəkət etmədiyini də vurğulayıb.

XS
SM
MD
LG