Accessibility links

Milli fəal Cavad Payizi Qərbi Azərbaycan vilayətinin kəşfiyyat idarəsində dindirilib


İranın təhlükəsizlik qüvvələri 2 həftə əvvəl Qərbi Azərbaycan vilayəti Sulduz (Nəğədə) şəhərində keçirilən “Sulduz Şəhidlərini anma törəni” ilə əlaqədar milli fəallara basqı tətbiq etməkdə davam edir.

Bölgədə fəaliyyət göstərən hüquq müdafiəçilərinin məlumatına görə, türk fəal Cavad Payizi İranın kəşfiyyat nazirliyinin Sulduz idarəsində bir neçə saat sorğu-sual edilib. Bir neçə həftə əvvəl də Cavad Payizi daxil olmaqla, azı 10 fəal təhlükəsizlik qurumuna çağırılaraq təhlükəsizlik qüvvələri tərəfindən hədələnmişdilər.

2006-cı ilin may ayında İran Azərbaycanında baş qaldıran kütləvi üsyan zamanı Sulduz (Nəğədə) şəhərində bir neçə etirazçının öldürülməsinin ildönümü ərəfəsində bir çox türk fəal İranın Sulduzdaki kəşfiyyat idarəsinə çağırılmışdı.

Milli fəallar hər il may ayının 25-də Qərbi Azərbaycan vilayəti Sulduz şəhərinin məzarlığında “Sulduz Şəhidlərini anma törəni” keçirirlər.

2006-cı ilin may ayında İran Azərbaycanının şəhərləri və qəsəbələrində baş qaldıran kütləvi üsyanlar xüsusilə, Sulduz, Təbriz, Urmiyə və Xiyav kimi şəhərlərdə polis və hərbi qüvvələrin güc tətbiqi ilə qanlı şəkildə yatırılmışdı.

Mayın 25-də hərbi qüvvələrin Sulduzda küçəyə çıxan etirazçılara atəş açması nəticəsində bir çox etirazçı yaralanıb, azı dörd vətəndaş, o cümlədən Hüseyn Fəthipur (16 yaşında), Tövhid Azəriyyun (26), Himmət İsimzadə (35) və Əsgər Qasımi (39) olay yerində öldürülüb. Həmin gün qırma güllələr ilə gözlərindən vurulan Daryuş Təbbaxi görmə qabiliyyətini itirib. O, 6 il sonra 2012-ci ildə beynində qalan qırmanın törətdiyi infeksiya səbəbilə dünyasını dəyişib.

Şərhlərə bax

XS
SM
MD
LG