“Erməni tərəfinin guya Azərbaycan Silahlı Qüvvələri bölmələrinin oktyabrın 20-də gecə saatlarında cəbhədə kəşfiyyat-diversiya fəaliyyətini həyata keçirməsi və itkilərə məruz qalması barədə yaydığı məlumat həqiqətə uyğun deyil və növbəti dəfə qoşunların qarşıdurma xəttində vəziyyətin gərginləşdirilməsinə yönəlib”. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir.
Ermənistanın müdafiə nazirliyi oktyabrın 20-də Azərbaycanın diversiya qrupunun təmas xəttini keçmək cəhdinin qarşısının alındığını bildirir.
Nazirliyin məlumatına görə, insident Dağlıq Qarabağ cəbhəsinin cənubunda baş verib. Məlumatda cəhdin qarşısının alındığı və Azərbaycan tərəfinin itki verdiyi bildirilir.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti bildirir ki, Azərbaycan Silahlı Qüvvələri kəşfiyyat-diversiya fəaliyyəti həyata keçirməyib və heç bir itki verməyib. Hazırda bütün cəbhə xətti boyu əməliyyat şəraiti tam nəzarət altındadır.
Xatırladaq ki, bütün bunlar ATƏT-in Minsk qrupu həmsədrlərinin bölgəyə oktyabrın sonlarında nəzərdə tutulan səfərləri öncəsi baş verir.
Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. Münaqişə nəticəsində Azərbaycanın BMT tərəfindən tanınan ərazilərinin 20 faizinədək hissəsi ermənilərin nəzarətinə keçib.
1994-cü ilin mayında tərəflər atəşkəs barədə saziş imzalayıb. 2016-cı il aprelin 2-dən 5-dək hərbi əməliyyatlar yenidən bərpa edilib. Döyüşlər zamanı tərəflər onlarla itki verib, çoxsaylı mülki yaşayış evləri, obyektlər dağıdılıb. Bundan sonra Rusiyanın təşəbbüsü ilə tərəflər hərbi əməliyyatları dayandırıb. Münaqişənin dinc yolla nizamlanmasında vasitəçilik edən ATƏT-in Minsk qrupunun həmsədr (ABŞ, Rusiya, Fransa) dövlətləri hazırki status-kvonun qəbuledilməz olduğunu dəfələrlə bəyan etsə də nizamlanma prosesində hər hansı irəliləyiş qeydə alınmayıb.