Çərşənbə axşamı bir il davam edən və prezidentin impiçmenti və həbsi ilə nəticələnən siyasi qalmaqaldan sonra Cənubi Koreyada prezident seçkiləri keçirilib.
Exit poll nəticələri Koreyanın Liberal Demokrat Partiyasının namizədi Mun Cae-inin Cənubi Koreya prezident seçkisinin qalibi olduğunu göstərir.
Koreyanın KBS, MBC və SBS televiziya kanallarının seçkidən sonra aparılan sorğu nəticələrinə əsasən, Mun 41 faiz səslə seçkidə qalib gəlib. Exit pol nəticələri seçkidən öncə keçirilən rəy sorğuları nəticələri ilə üst-üstə düşür. Həmin rəy sorğularında Mun 13 digər namizəddən 20 faiz öndə gedirdi.
Mun çərşənbə axşamı Seulda keçirilən qələbə mitinqində iştirak edərək onu dəstəkləyənlərə təşəkkür edib.
Milli Seçki Komissiyası qeydiyyatdan keçən 31 milyon koreyalının 80 faizindən çoxunun səsvermədə iştirak etdiyini təxmin edir. Bu isə 1997-ci ildən bəri ən yüksək seçisi fəallığıdır.
Mühafizəkar prezident Pak Qın-he korrupsiya qalmaqalı səbəbilə mart ayında vəzifədən kənarlaşdırılıb, həbs edildikdən sonra yeni seçkilərin keçirilməsinə çağırılıb. Bu qalmaqal nəticəsində Samsung Group şirkətinin vitse-sədri Li Cae-yonq və Lotte Group-un sədri Şin Donq Binə qarşı da ittihamlar irəli sürülüb.
Exit poll nəticələrinə əsasən Munun rəqibləri mühafizəkar Liberal Koreya Partiyasının namizədi Honq Cun-pyo 23, mərkəzçi Xalq Partiyasının namizədi An Çeol-su isə səslərin 21 faizini qazanıb.
Rəsmi nəticələrin çərşənbə günü Seulda açıqlanacağı gözlənilir.
İnsan haqları müdafiəçisi olan Mun hökümətdə korrupsiyanı azaldacağına, yeni iş yerlərinin yaradılması üçün xərcləri və zənginlərin vergilərini artıracağına söz verib. O həmçinin Şimali Koreya ilə də daha yaxın əlaqələrin yaradılması çağırır. Buna Pxenyanın ötən il keçirdiyi dördüncü nüvə sınağından sonra bağlanan birgə sənaye kompleksinin yenidən açılması daxildir.
Onun qələbəsi ilə liberallar on ildən sonra ilk dəfə olaraq hakimiyyətə gələcəklər.