Çinin Birləşmiş Ştatlarla ticarət saldosu may ayında artaraq, 24.58 milyard dollar təşkil etdi. Aprel ayında eyni göstərici 22.15 milyard dollar idi. Bu rəqəmlər cümə günü Çin gömrüyündən əldə edilib.
Çinin may ayında ticarət artımı 12.6 faiz təşkil edib. Bu rəqəm aprel ayında müşahidə edilən 12.9 faiz artımdan az olsa da, iqtisadçıların proqnozlaşdırdığı 10 faiz artımdan əhəmiyyətli dərəcədə çoxdur.
Çinin may ayına qədər idxal etdiyi məhsullarda da 26 faizlik artım müşahidə edilib.
Beləliklə, ilin ilk beş ayında Çinin Birləşmiş Ştatlarla ticarət saldosu 104.85 milyard dollar təşkil edib.
ABŞ prezidenti Donald Tramp Birləşmiş Ştatların Çin ilə ticarət defisitinin azaldılmasına nail olmaq üçün Pekindən iqtisadiyyatını daha çox açmağı tələb etdikdən sonra hər iki ölkə məhsullara tətbiq ediləcək 150 milyard dollar dəyərində tarif artımı ilə bağlı hədələr səsləndirib.
Bir neçə gün öncə Çin ABŞ-a xəbərdarlıq edib ki, Trampın Çin məhsullarına qarşı tətbiqi nəzərdə tutulan tarif artımı və digər iqtisadi tədbirləri icra edilməyə başlasa, hər iki ölkə arasında əldə edilən ticarət və biznes razılaşmaları qüvvəsini itirəcək.
Bu xəbərdarlıq ABŞ-ın ticarət naziri Uilbur Ross ilə Çin baş nazirinin müavini Liu Henin hər iki ölkə arasında ticarət mübahisələrini həll etmək məqsədilə Pekində keçirilən iki günlük danışıqlardan sonraya təsadüf edir. Həmin danışıqlar zamanı Çinlə Birləşmiş Ştatlar ticarət fərqinin azaldılması istiqamətində lazımi addımların atılması ilə bağlı razılıq əldə etmişdi.
Keçən həftə isə Ağ Ev hədələrini yeniləyərək Çinin texnologiya məhsulları ilə bağlı öhdəliklərin 50 milyard dollara yaxın artırılması qərarı verib.