Çin polisi ölkənin COVID məhdudiyyətlərinə qarşı və prezident Si Tsinpinin istefaya getməsi ilə bağlı nadir çağırışlar səsləndirilən etirazların yenidən alovlanmasının qarşısını almaq üçün çərşənbə axşamı paytaxt Pekində və Çinin ən böyük şəhəri və maliyyə mərkəzi Şanxayda patrul növbələri keçirib.
Hər iki şəhərdə, əsasən də sosial media istifadəçilərinin yeni nümayışlərə çağırdığı ərazilər olmaqla, polisin növbə çəkdiyi gecə sakit keçib.
Çin hökuməti bazar ertəsi bəzi pandemiya qaydalarını yüngülləşdirsə də, eyni zamanda sıfır-COVID strategiyasına sadiqliyini təsdiqləyib.
Hökumət son onilliklərdə hakim Kommunist Partiyasına qarşı ən böyük müxalifət nümayişləri barədə açıqlama verməyib, lakin qaydaların bir qədər yumşaldılması nümayişləri yatırtmaq məqsədi daşıyıb.
Sinin "Sıfır-COVID" siyasəti 1.4 milyard insanın gündəlik həyatını pozan sərt məhdudiyyətlər yolu ilə infeksiyaların qarşısını kəskin şəkildə alıb. Ölkənin müxtəlif yerlərində baş qaldıran etirazlar, bir çox çinlinin uzun sürən karantinlərdən və geniş yayılmış testlərdən bezdiyini göstərib.
"Sıfır-COVID" siyasətinə əsasən hər bir yoluxmuş insan təcrid edilir və bu siyasət Çinə əhalinin sayına nisbətdə yoluxmaların sayını az miqdarda saxlamağa imkan verib. Nəticədə milyonlarla çinli dörd aya qədər evlərində qapalı qalıb.