Accessibility links

Baş prokuror ictimai diqqətdə olan cinayət işlərindən danışıb


Baş prokuror Zakir Qaralov

"Casus şəbəkəsi Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən ifşa olunub".

APA agentliyinin məlumatına görə, bunu Azərbaycanın baş prokuroru Zakir Qaralov deyib.

Baş prokuror bildirib ki, Hərbi Prokurorluq cinayət işinin istintaqını davam etdirir.

"Hesab edirik ki, cinayət işinin istintaqı ilin sonuna qədər yekunlaşacaq", o vurğulayıb.

Bu il mayın 7-də Baş Prokurorluq, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı birgə bəyanatında deyilir ki, Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat və xüsusi xidmət orqanları tərəfindən Müdafiə Nazirliyinin Tərtər rayonu istiqamətində yerləşən bölmələrinə və yaşayış məntəqələrimizə qarşı genişmiqyaslı təxribat fəaliyyətinin həyata keçirilməsinin planlaşdırıldığı barədə əldə edilmiş məlumat əsasında aparılmış tədbirlər nəticəsində müəyyən olunub ki, bir qrup hərbi qulluqçu və digər mülki şəxslər Azərbaycanın suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq düşmən kəşfiyyatçıları ilə məxfi əməkdaşlığa cəlb edilərək müxtəlif vaxtlarda maddi maraqları naminə hərbi sirr təşkil edən məlumatları əldə etməklə düşmən tərəfinə ötürüb.

2017-ci il mayın 3-də Hərbi Prokurorluqda Cinayət Məcəlləsinin 274-cü maddəsi (Dövlətə xəyanət) ilə cinayət işi başlanıb. Məxfi əməkdaşlığa cəlb olunmuş bir qrup hərbi qulluqçu və mülki şəxslər cinayət məsuliyyətinə cəlb edilərək barələrində həbs qətimkan tədbiri seçilib.

Baş prokuror bir qrup Türkiyə vətəndaşının

Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik göstərərək Dağlıq Qarabağa səfər etdiyi üçün cinayət işi qaldırıldığını bildirib.

“Həmin şəxslər beynəlxalq axtarışa verilib. Bu şəxslərin hərəkətləri Türkiyə dövlətinin mövqeyini ifadə etmir. Bu şəxslər əvvəllər də ermənipərəst mövqeləri ilə tanınıb, PKK terror təşkilatını, müstəqil kürd dövlətinin yaradılmasını təbliğ edib. Onların içərisində sabiq millət vəkili, yazıçı, teleaparıcı da var. Kim ərazi bütövlüyümüzə hörmətsizlik edəcəksə, barəsində cinayət işi başlanacaq", Qaralov qeyd edib.

Bu il sentyabrın 22-də Türkiyə vətəndaşları olan Əli Bayramoğlu, Səid Çəkinoğlu, sabiq millət vəkili, “Yaşıllar və Sol Gələcək Partiyası”nın rəsmisi Ufuk Uras, yazıçı və aparıcı Erol Katırçıoğlu “Qərbi Ermənistan Konqresi” adlanan təşkilatın təşəbbüsü ilə Azərbaycanın icazəsi olmadan Dağlıq Qarabağa səfər edib.

Baş prokuror Turan İnformasiya Agentliyinə qarşı

qaldırılmış cinayət işindən də daışıb. "Turan İnformasiya Agentliyinin fəaliyyətinə hər hansı bir məhdudiyyət yoxdur", o qeyd edib.

Baş prokuror deyib ki, istənilən vergi ödəyicisi vergi qanunvericiliyinin tələbini pozmamalıdır.

Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin İstintaq idarəsində avqustun 25-də Turan İnformasiya Agentliyinin direktoruna qarşı Cinayət Məcəlləsinin 213.1-ci (vergi ödəməkdən yayınma), 308-1-ci (səlahiyyətdən sui-istifadə), 192.1-ci (qanunsuz sahibkarlıq) maddələri ilə cinayət işi başlanıb. Turan Agentliyi iddianı sifariş hesab edib və məhkəməyə müraciət edib.

Avqustun 24-də Turan agentliyinin direktoru Mehman Əliyev həbs edilib. Bu həbs beynəlxalq və yerli ictimaiyyətin geniş tənqidinə yol açıb. ABŞ Dövlət Depatamenti, Böyük Britaniya, Fransa, Norveç, Almaniya xarici işlər nazirlikləri, çoxsaylı beynəlxalq təşkilatlar Əliyevin drhal azad edilməsini tələb edən bəyanatlar yayıb. Yerli siyasi partiya təmsilçiləri, QHT rəhbərləri, ziyalılar, ictimai xadimlər ölkə rəhbərlərinə müraciətlər edib. ABŞ Konqresində və Senatında Mehman Əliyevin həbsində rolu olan şəxslərə qarşı sanksiyaların tətbiqi gündəliyə gəlib.

Beləliklə, sentyabrın 11-də Mehman Əliyev barəsində həbs qətimkan tədbiri dəyişdirilərək sərbəst buraxılıb.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG