Accessibility links

Co Bayden praymerizlərdə mühüm qələbələr əldə edib


Co Bayden

ABŞ-ın sabiq vitse-prezidenti Co Bayden çərşənbə axşamı dörd ştatda keçirilən ilkin seçkilərdə Vermont senatoru Berni Sanders üzərində qələbə çalıb.

Son otuz ildə üçüncü dəfə prezidentliyə namizədliyini irəli sürən Bayden noyabr ayında ümumilli seçkidə prezident Donald Trampa qarşı mübarizə aparmaq üçün bir addım daha irəliləyib. O, ABŞ-ın maşınqayırma sənayesinin mərkəzi olan Miçiqan, habelə Missuri, Mississippi və Aydaho ştatlarında qələbə çalıb.

Baydenin bu qələbələri özünü demokrat sosialist adlandıran Sandersin Demokratlar partiyasının vahid namizədi olmasını çətinləşdirəcək.

“Mən Berni Sanders və onun tərəfdarlarına tükənməyən enerjiləri və mərhəmətlərinə görə təşəkkür etmək istəyirəm. Bizim ortaq məqsədimiz var və birlikdə biz Donald Trampı məğlub edəcəyik,” Bayden deyib.

Həm Bayden həm Sanders çərşənbə axşamı Ohayoda seçki kampaniyası aparmalı idi, lakin hər ikisi koronavirus epidemiyası səbəbilə görüşləri təxirə salıb. Bu kampaniya prosesində böyük dəyişikliklərə gətirib çıxara bilər, çünki həm Demokrat namizədlər həm də Tramp seçicilərini ruhlandırmaq üçün kütləvi mitinqlərdən istifadə edir.

Sanders çərşənbə axşamı ictimaiyyət qarşısına heç çıxmayıb.

İki namizəd arasında martın 17-də Ohayo, Florida, İllinoys və Arizona ştatlarında keçiriləcək praymerizdən öncə bazar gününə debat təyin olunub. Demokratların Milli Komitəsi debatın keçirildiyi məkanda izləyicilərin olmayacağını açıqlayıb.

Seçki rəsmiləri çərşənbə günü hələ də seçkilərin keçirildiyi digər iki ştat, Şimali Karolina və Vaşinqtonda səsləri hesablayır. Sanders və onun strateqləri bu iki ştatda onun qələbə çalacağını gözləyir.

Seçkidən öncə keçirilən sorğulara əsasən, Miçiqan, Missuri və Mississippi ştatlarının nəticələri gözlənilən idi, xüsusilə də Mississippi də, çünki orada əhalinin əhəmiyyətli bir hissəsini afro-amerikalılar təşkil edir ki, onlar digər ştatlarda Baydenə üstünlük verib. Exitpol-un nəticələrinə görə, Bayden Missuridə də afro-amerikalılar habelə özlərini mötədil və mühafizəkar adlandıran seçicilərin səslərini qazanıb.

Lakin bu ştatlar arasında ən vacibi Miçiqan ştatı idi, cünki orada 125 nümayəndə uğrunda mübarizə gedirdi.

XS
SM
MD
LG