Accessibility links

COVID-19 İİV, vərəm və malyariyadan ölüm hallarının artmasına gətirib çıxara bilər


Yeni araşdırmanın nəticələri göstərir ki, COVID-19-un yaratdığı dalğa effekti nəticəsində İİV, vərəm və malyariyadan ölən insanların sayı kəskin şəkildə arta bilər.

Pandemiya aşağı və orta gəlirli ölkələrdə bu üç xəstəliyin nəzarət altına alınmasına yönəlmiş xidmətlərdə əngəllər törədir. Səhiyyə rəsmiləri bunun illər ərzində bu üç xəstəliyə qarşı əldə olunan irəliləyişlərdə geriləmələrə səbəb olacağından narahatdır.

"Belə görünür ki, COVID-19 epidemiyasının bu ölkələrdə təsirini azaltmağın əsas hissəsi bu xəstəliklər üçün nəzərdə tutulan xidmətləri davam etdirməkdən ibarət olacaq," araşdırmanın həm-müəllifi London İmperial Kollecinin qlobal sağlamlıq professoru Timoti Hallet deyib.

Ekspertlər daha öncə bənzər mənzərəyə şahid olublar. Belə ki, başqa epidemiyalar zamanında insanlar həmin xəstəliyə yoluxmaqdan qorxduqları üçün həkimə müraciət etməyiblər, dolan xəstəxana sistemləri isə onlara qayğı göstərmək gücündə olmayıb.

Bir araşdırmanın nəticələri göstərir ki, 2014-2015-ci illərdə Qərbi Afrikada çıxan Ebola epidemiyası zamanı səhiyyə sistemində yaranan gərginliklər İİV, vərəm və malyariyada Ebola ilə müqayisədə daha çox insanın həyatını itirməsinə səbəb oldu.

COVID-19 artıq Qlobal Fondun həyata keçirdiyi İİV proqramlarının 85, vərəm layihələrinin 78, malyariya proqramlarının 72 faizində əngəl yaradıb. Qlobal Fond bu xəstəliklərlə mübarizəyə yönəlmiş 4 milyard dollarlıq ictimai-özəl əməkdaşlıqdır.

Çətin qərarlar

Hallett və həmkarları riyazi modellərdən istifadə edərək COVID-19-la fərqli mübarizə yollarının səhiyyə sistemlərinə təsirlərini və bunun da öz növbəsində İİV, vərəm və malyariya pasientlərinə təsirlərini təxmin ediblər.

COVID-19-a qarşı heç bir tədbir görməmək nəticəsində xəstəxalanlar dolur və bu səbəblə bu üç xəstəlik üçün verilən xidmətlərdə ləngimələr yaranır.

Onlar bu ləngimələr nəticəsində İİV pasientləri üçün antivirall dərmanlara çıxışda maneələrin yaranacağını və növbəti beş il ərzində ölənlərin sayının 10 faiz artacağını təxmin edib.

Digər yandan isə tam bağlama tədbirlərinin görülməsi COVID-19-a yoluxma hallarını azaltsa da, başda vərəm olmaqla digər üç xəstəlik üçün nəzərdə tutulan xidmətlərdə maneələrə səbəb olacaq. Bu halda vərəmdən ölənlərin sayı növbəti beş il ərzində 20 faiz arta bilər, çünki müalicə olunmayan pasientlər xəstəliyin yayılmasına gətirib çıxara bilər.

"Bizim əldə etdiyimiz nəticələr siyasətçilərin qeyri-adi çətin qərarlarla üzləşdiklərini vurğulayır. Əgər COVID-19-a qarşı mübarizələr doğru idarə olunmasa, bu, başqa xəstəliklərdən ölüm hallarının artmasına gətirib çıxara bilər”, araşdırmanın müəllifi qeyd edib.

XS
SM
MD
LG