"Dədə Qorqud irsi: Dastan mədəniyyəti, xalq nağılları və musiqisi" çoxmillətli mədəniyyət nümunəsi kimi YUNESKO-nun qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına, “Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri” isə YUNESKO-nun Təcili Qorunma Siyahısına daxil edilib. Bu barədə Azərbaycanın Mədəniyyət və Xarici İşlər Nazirliklərinin birgə bəyanatında deyilir.
Bəyanatda bildirlir ki, 26 noyabr - 1 dekabr tarixlərində Mavriki Respublikasının paytaxtı Port Luis şəhərində YUNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin növbəti 13-cü sessiyasında bu barədə qərar qəbul edilib.
Sözügedən nominasiya sənədləri Mədəniyyət Nazirliyi, Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikasının YUNESKO yanında Daimi Nümayəndəliyinin birgə əməkdaşlığı ilə təqdim edilib.
İndiyədək kamança hazırlanması və ifaçılıq sənəti, dolma hazırlama və paylaşma ənənəsi, Azərbaycan muğam ifaçılığı, lavaş bişirmə və paylaşma ənənəsi, Lahıc misgərlik sənəti, aşıq sənəti, Novruz bayramı, xalça sənəti, tar ifaçılığı, kəlağayı sənəti UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısında, həmçinin Çovqan–ənənəvi Qarabağ atüstü oyunu isə YUNESKO-nun təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısında yer alır.