Accessibility links

Donald Tramp: ABŞ “Böyük yeddilər”in Kanada sammitində yekun sənədə imza atmayacaq!


ABŞ prezidenti Donald Tramp ABŞ nümayəndə heyətinə “Böyük yeddilər” ölkələrinin Kanada sammitində yekun sənədə imza atmamağı göstəriş verib.

Donald Tramp Tvitter səhifəsində yazıb ki, Kanadanın baş naziri Castin Trudo mətbuat konfransında ABŞ-ın tətbiq etdiyi tariflərin təhqiramiz olduğunu deyib, amma bu, düzgün deyil. “Bizim tariflərimiz onun ABŞ-dan idxal edilən süd məhsullarına tətbiq etdiyi 270 faizlik tarifə cavabdır”, deyə Tramp yazıb.

Birləşmiş Ştatların Kanada, Meksika və Avropa İttifaqından polad və alüminium idxalına yüksək tariflər tətbiq etməsi bu ölkələrin qəzəbinə səbəb olub.

Artıq Kanada ilə Meksika cavab tədbirləri də qəbul ediblər.

Beynəlxalq ticarətlə yanaşı Kanada sammitində ABŞ-la onun müttəfiqləri arasında iqlim dəyişikliyi məsələsində də fikir ayrılığı olub.

Bundan başqa sammit iştirakçıları, Donald Trampın Rusiyanı “Böyük yeddilər” ölkələri qrupuna qaytarmaq təklifini qəbul etməyib.

ABŞ prezidenti sammitdən öncə deyib ki, Böyük Yeddilik (G7) ölkələri Rusiyanın qrupa qayıtmasına imkan verməlidirlər.

Rusiya 2014-cü ildə Ukraynanın Krım regionunun ilhaqından sonra G8-dən çıxarılıb və qrup G7 formatında qalıb.

Bu qrupa, ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, Kanada, Yaponiya və Italiya daxildir.

Yekun sənəddə vahid qaydalarla ticarət əməkdaşlığının, Rusiyaya qarşı sərt xəttin və İranın nüvə proqramının cilovlanmasının vacibliyi vurğulanır.

ABŞ prezidenti dünən Kanadanın Kvebek əyalətində keçirilən G-7 zirvə toplantısında bəyanatla çıxış edərək, sammit çərçivəsində uğurlu görüşlər keçirdiyini, “ədalətli və qarşılıqlı” ticarətə ehtiyac olduğunu və İran hədələrinə cavab verilməsini müzakirə etdiyini bildirib.

Tramp müxbirlərə bildirib ki, dünya liderlərinə ədalətsiz xarici ticarət təcrübələrinin qarşısının alınması üçün lazımi addımların atılacaq.

ABŞ prezidenti Donald Trump, sammiti yarımçıq təşkil edərək Sinqabura yola düşüb. O, bunun səbəbinin, iyunun 12-də Şimali Koreya lideri Kim Jong Unla görüşə hazırlıqla bağlı olduğunu deyib.

XS
SM
MD
LG