“Yer kürəsinin bir çox yerlərində insanlar hələ də dini etiqad azadlığı hüquqlarından istifadə etdiklərinə görə ədalətsiz şəkildə təqib olunur və ya həbsə atılır”. Bu barədə ABŞ Dövlət Departamentinin “1998-ci il Beynəxalq Dini Azadlıq Aktı Üzrə Təyinatlara dair” bəyanatında deyilir.
Dövlət Departamentinin sözçüsü Heather Nauert bildirib ki, bu gün bir sıra hökumətlər insanları öz din və inanclarını qəbul etmək, dəyişmək və ondan imtina etmək, öz din və inanclarına uyğun ibadət etmək, ya da məxsusi din və ya inanca riayət etmək məcburiyyətindən azad olmaq qabiliyyətindən məhrum edir.
“1998-ci ilin Beynəlxalq Dini Azadlıq Aktına uyğun olaraq, dövlət katibi hər il “Xüsusi narahatlıq yaradan ölkələr” adı altında dini azadlığın sistematik, davamlı və dəhşətli pozuntularını həyata keçirmiş və ya buna yol vermiş hökumətləri təyin edir. Bu gün Dövlət Departamenti dövlət katibinin 22 dekabr 2017-ci ildə bildirdiyi kimi Birma, Çin, Eritreya, İran, Şimali Koreya, Sudan, Səudiyyə Ərəbistanı, Tacikistan, Türkmənistan və Özbəkistanın “Xüsusi narahatlıq yaradan ölkələr” olaraq yenidən təyin olunduğunu elan edir. Dövlət katibi Pakistanı dini etiqad azadlığının ağır pozulmalarına görə Xüsusi Nəzarət Siyahısına salb", Dövlət Departamentinin bəyanatında qeyd edilir.
Sənəddə deyilir ki, dini azadlığın qorunması sülh, sabitlik və rifah üçün vacibdir.
“Qeyd olunan təyinatlar adı çəkilən ölkələrdə din azadlığına hörmətin artırılmasına yönəlmişdir. Biz bilirik ki, bir neçə təyin edilmiş ölkə dini azadlığa hörməti artırmaq üçün səy göstərir; bu təşəbbüsləri alqışlayırıq və davamlı dialoqa açığıq. Birləşmiş Ştatlar dünyadakı dini etiqad azadlığını təmin etmək üçün hökumətlər, ictimai qurumlar və dini liderlərlə işləməyə davam etmək öhdəliyinə sadiq qalır”, sözçü bəyan edib.