Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) xarici ölkəyə casusluqda günahlandırılan Azərbaycan vətəndaşını həbs edib.
DTX-nin İctimai əlaqələr şöbəsinin yaydığı məlumata görə, xidmətin həyata keçirdiyi istintaq-əməliyyat tədbirləri nəticəsində Azərbaycan vətəndaşı İnqilab Əhmədovun xarici xüsusi xidmət orqanı əməkdaşları tərəfindən məxfi əməkdaşlığa cəlb edilərək 2011-ci ildən etibarən mütəmadi olaraq həmin orqan tərəfindən verilən tapşırıqları yerinə yetirməsi və Azərbaycanın dövlət təhlükəsizliyi zərərinə casusluq edərək dövlətə xəyanət etməsinə əsaslı şübhələr müəyyən edilib.
Bununla əlaqədar İnqilab Əhmədov DTX-nin İstintaq Baş İdarəsi tərəfindən aparılan cinayət işi üzrə şübhəli şəxs qismində tutularaq yanvarın 27-də Azərbaycan Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Məlumatda Əhmədovun hansı dövlətin xeyrinə casusluq etdiyi barədə məlumat verilmir.
İnqilab Əhmədov bir neçə il bundan öncə İslam Partiyasının sədr müavini olub və 2015-ci ilin əvvəlində istefa verib.
İslam Partiyasından bildiriblər ki, Əhmədov hazırda partiyanın üzvüdür və Salyan rayonunda yaşayır.