Rusiya qanunvericiləri çərşənbə günü Amerikanın Səsi və Azad Avropa Radiosu/Azadlıq Radiosunun jurnalistlərinin Dumaya girişinə qadağa qoyulmasına səs verib.
Dövlət Dumasında bu qərar Rusiyanın Ədliyyə Nazirliyinin ABŞ hökuməti tərəfindən maliyyələşdirilən media vasitələrini “xarici agent” kimi tanımasından bir gün sonra verilib.
Bununla ABŞ-ın kütləvi informasiya vasitələri xarici ölkələr tərəfindən maliyyələşdirilən qeyri-hökumət təşkilatlarına 2012-ci ildə qəbul edilmiş qanunla tətbiq edilən tələblərə əməl etməlidir. Media qurumlarından Rusiyada auditoriya üçün nəzərdə tutulmuş xəbərləri nəşr edən, ya da yayımlayan zaman “xarici agent” kimi tanındıqlarını qeyd etməsi tələb olunur.
Onlar maliyyə fondları, məqsədləri və maliyyənin necə sərf olunduğu, eləcə də menecerlərinin kim olduğu haqda müntəzəm olaraq məlumat təqdim etməlidir.
ABŞ Dövlət Departamentinin sözçüsü Heter Nauert bunu “səhv” addım adlandırıb. O qeyd edib ki, Dövlət Departamenti bunun ABŞ jurnalistlərinin təcavüzlə qarşılaşması ilə nəticələnə biləcəyindən narahatdır.
Moskva bu addımı Vaşinqtonun keçən ay ABŞ-da Kremlin maliyyələşdirdiyi RT (Russia Today) tele-kanalının Xarici Agentlərin Qeydiyyatı Aktına (FARA) uyğun olaraq qeydiyyatdan keçməsini tələb etməsinə cavab olaraq atıb. Bu akta əsasən, xarici hökumətələrin təmsilçisi kimi fəaəliyyət göstərən şəxslər və qurumların öz münasibətlərini ictimaiyyətə açıqlaması tələb olunur.
Rusiya rəsmiləri bunu onların təsvir etdiyi kimi, ABŞ-ın Rusiya mediasına qarşı təzyiqinə “simmetrik cavab” adlandırıblar.
Amerikanın Səsinin direktoru Amanda Bennett Rusiyanın bu addımınnı şərh edərkən bildirib ki, Rusiya Ədliyyə Nazirliyi Amerikanın Səsinin ölkədə fəaliyyəti ilə bağlı məhdudlaşdırıcı tədbirlərlə qarşılaşa biləcəyinə işarə edib.
“Hələlik bu məhdudiyyətlərin mahiyyəti aydın deyil. Biz nazirlik və Rusiyanın başqa təşkilatları ilə bütün kommunikasiyaları diqqətlə izləyirik. Eyni zamanda, biz rusdilli auditoriyamız üçün etibarlı və dəqiq informasiya mənbəyi olaraq qalmaqda davam etmək niyyətindəyik”, Amanda Bennet o bildrib.