Kimyəvi Silahların Qadağası Təşkilatının müfəttişləri sabah Suriyanın Duma şəhərindən nümunələr götürməlidir. Bunun məqsədi Əsəd rejiminin kimyəvi silahlardan istifadəsinin müəyyənləşdirilməsidir.
Təşkilat torpaq kimi ətraf mühit, qurbanların qanlarından nümunələri beynəlxalq laboratoriyalara göndərəcək. Lakin qrup kimin məsuliyyət daşıdığına qərar verməyəcək.
Suriya ötən həftə 40 adamın ölümü, yüzlərlə insanın zəhərlənməsinə səbəb olan hücumun məsuliyyətini daşımadığını bildirir.
NBC xəbər agentliyi ABŞ hökumətinin götürdüyü nümunələrdə kimyəvi maddələr aşkar edildiyini bildirib.
Prezident Donald Tramp deyib ki, Suriyada mümkün hərbi əməliyyat barədə “kifayət qədər tezliklə” qərar qəbul ediləcək. O əlavə edib ki, Suriyada baş verdiyi iddia olunan kimyəvi hücuma cavab tədbirini müşavirləri ilə keçirdiyi bir neçə görüşdə müzakirə edib.
Fransa prezidenti Emmanuel Makron ölkəsinin Bəşər Əl-Əsəd rejiminin kimyəvi silahlardan istifadə etdiyinə dair dəlillərə malik olduğunu bildirib. O, Fransanın lazım bildiyi vaxtda buna cavab verəcəyini deyib.
Britaniyanın baş naziri Tereza Mey bu gün kabineti ilə təcili görüş keçirib. Müzakirələr zamanı Suriyada Britaniyanın cavab üsulları gündəmə gətirilib.