Accessibility links

Dəyirmi Masa: Cənubi Qafqazda Türkiyə faktoru


Dəyirmi Masa: Cənubi Qafqazda Türkiyə faktoru
Dəyirmi Masa: Cənubi Qafqazda Türkiyə faktoru

Türkiyə elçisinin Ermənistana səfəri ilə bağlı nikbinliyini izhar edən politoloq Rasim Musabəyli ümid etdiyini söylədi ki, rəsmi Ankara öz mövqeyini aydın şəkildə erməni tərəfə çatdıracaq.

Son həftələrdə Cənubi Qafqazda, ələlxüsus Dağlıq Qarabağ münaqişəsinin çözülməsi yönümündəki səylərdə müəyyən canlanma hiss edilir. Bütün bu proseslərdə isə əvvəlikindən fərqli olaraq Türkiyə faktoru daha bariz nəzərə çarpmaqdadır. Dünən Türkiyə baş naziri Rəcəb Təyyib Ərdoğanın xüsusi elçisi, xarici işlər nazirinin birinci müavini Firudin Sınırlıoğlu Yerevana yollanıb. Burada onun prezident Serj Sarkisyana cənab Ərdoğann şəxsi məktubunu çatdıracağı deyilir. Daha sonra isə Türkiyə rəsmisi Azərbaycana səfər edəcək. Regional proseslərdə Türkiyənin roluna həsr edilmiş dəyirmi masa söhbətimizin qonaqları politoloq Rasim Musabəyli və hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Mübariz Qurbanlı olub.

Türkiyə elçisinin Ermənistana səfəri ilə bağlı nikbinliyini izhar edən politoloq Rasim Musabəyli ümid etdiyini söylədi ki, rəsmi Ankara öz mövqeyini aydın şəkildə erməni tərəfinə çatdıracaq və Yerevanı Dağlıq Qarabağ sülh prosesində daha konstruktiv yol tutmağa ruhlandıracaq. Cənab Musabəylinin sözlərinə görə donmuş münaqişə həll olunmadan Cənubi Qafqazda dayanıqlı sabitlik yaratmaq çətin olacaq. Türkiyə ümid edir ki, müsbət nəticənin əldə olunması üçün danışıqlara öz töhfəsini verə biləcək. Lakin cənab Musabəyli onu da əlavə etdi ki, Türkiyə hökumətinin səylərinin konkret nəticələr verəcəyini qabaqcadan proqnozlaşdırmaq çətindir.

Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Mübariz Qurbanlı xüsusi elçi Firudin Sınırlıoğlunun regiona səfərini ABŞ-dan Türkiyəyə sərhədlərin açılması istiqamətində göstərilən təzyiqlə əlaqələndirdi. Baş nazir Rəcəb Təyyib Ərdoğan Vaşinqtona səfəri ərəfəsində Türkiyənin sərhədləri açması üçün rəsmi Yerevana şərtlər irəli sürüb. Cənab Qurbanlının fikrincə bu şərtlər Dağlıq Qarabağ münaqişəsinin həlli ilə sıx bağlıdır və bu səbəbdən də Yerevana səfərinin ardınca Türkiyə rəsmisi Bakıya gələrək prezident İlham Əliyevlə görüşəcək. Güman edilir ki, cənab Ərdoöan Vaşinqtonda Ermənistan prezidenti Serj Sarkisyanla nüvə təhlükəsizliyi sammiti əsnasında görüşdən əvvəl mövqelərə aydınlıq gətirmək istəyir. Eyni zamanda Ankara rəsmi Bakını əmin etmək istəyir ki, danışıqlarda Azərbaycanın maraqları nəzərə alınacaq.

XS
SM
MD
LG