Accessibility links

Dəyirmi Masa: Qlobal iqtisadi böhran və onun Azərbaycana təsirləri


Dəyirmi Masa: Qlobal iqtisadi böhran və onun Azərbaycana təsirləri
Dəyirmi Masa: Qlobal iqtisadi böhran və onun Azərbaycana təsirləri

Söhbətimizin qonaqları İqtisadi Araşdırmalar Mərkəzinin sədri Qubad İbadoğlu, Milli Məclisin üzvü və sabiq baş nazir müavini Vahid Əhmədov və Nyu Yorkda qərargahlanan Medli Qrupunun nümayəndəsi Kaan Nazlıdır

2008-ci ildə başlamış qlobal iqtisadi böhranının təsirləri hələ də aradan qalxmayıb. Dünyanın bir çox ölkələrində hökumətlər iqtisadi dirçəlişə təkan vermək üçün stimullaşdırma planları həyata keçirirlər. Yunanıstan kimi digərlərində isə rəsmilər artan defisitin qarşısını almağa çalışır, dövlət qulluqçuluğunda kəskin ixtisarlar edirlər. Bu arada Azərbaycan hökuməti ölkənin qlobal böhranın təsirlərinə məruz qalmadığını israr edir. Bu mövzuda diskussiya aparmaq üçün bugünkü dəyirmi masa söhbətimizə İqtisadi Araşdırmalar Mərkəzinin sədri Qubad İbadoğlu, Milli Məclsinin üzvü və sabiq baş nazir müavini Vahid Əhmədov və Nyu Yorkda qərargahlanan Medli Qrupunun nümayəndəsi Kaan Nazlını dəvət etmişik.

Bir çox amerikalı müşahidəçilər “double dip” deyilən (ardıcıl ikili batma) iqtisadi tənəzzülün yaşana bildiyinə işarə edirlər. Son bir həftə ərzində davamlı olaraq Dow Jones səhm indeksi kəskin enməkdə davam edir. ABŞ Əmək Nazirliyi və başqa qurumlar işsizliyin əvvəlki səviyyədə qaldığını və iqtisadiyyatın yavaşıdığına dair xəbərdarlıq edirlər. ABŞ-da cərəyan edən iqtisadi olayları şərh edirkən cənab Nazlı bunların daha çox lokal xarakter daşıdığını bildirdi. O, baş verənləri stimullaşdırma paketinin ləng icrası, Meksika Körfəzindəki fəlakətli neft axıntısı, Avropada baş qaldıran kredit böhranı, və ölkənin üzləşdiyi nəhəng milli borc problemi ilə əlaqələndirdi. Bununla bərabər o, söhbətin geriləmədən deyil, yavaşımış canlanmadan getdiyini vurğuladı.

Qlobal iqtisadi böhranın Azərbaycana təsirlərinə gəlincə iqtisadi Qubad İbadoğlu bu təsirin kifayət qədər geniş olduğunu qeyd etdi. “Böhran Azərbaycanda öz izlərini buraxıb və bu gün də Azərbaycan post- böhran dövründə müəyyən çətinliklərlə üzləşir,” deyə ekspert bildirdi. Cənab İbadoğlu vurğuladı ki, Azərbaycan neft ölkəsi olduğuna görə və vaxtında valyutanın məzənnəsini möhkəmləndirməklə böhranın təsirini yumşaltmağa nail ola bilib. Lakin görülən tədbirlərə baxmayaraq özəl biznes sektoru ciddi təlatümlərlə üzləşib və azalan təlabat ölkədə işsizliyin artmasına təkan verib. Ekspertin sözlərinə görə, bir sıra biznes qurumları hazırda iflic vəziyyətindədir: “Böhrandan sonra yeni böhran dövrü başlayır Azərbaycanda. Buna borclar böhranı da demək olar. Bu gün şirkətlərin banklara borcları var. Bankların ciddi problemləri var müxtəlif kreditorlar qarşısında…”

Millət vəkili Vahid Əhmədov razılaşdı ki, qlobal maliyyə böhranı bir çox başqa dövlətlər kimi Azərbaycana da ciddi təsir göstərib. O, ölkədə biznes fəaliyyətinin kəskin azalması ilə müşayiət olunan enişin hələ də bitmədiyini deyərək qarşıda növbəti böhranın meydana çıxa biləcəyinə dair xəbərdarlıq etdi. “Bir vaxt var idi Azərbaycanda maliyyə bazarında və əmlak bazarında müəyən canlanma var idi. Insanlar əmlak alır-satırdılar, tikintiyə vəsait qoyurdular. Amma o canlanma hal-hazırda Azərbaycanın əmlak-tikinti bazarında yoxdur.” Cənab Əhmədovun sözlərinə görə insanlar pulu investisiya kimi deyil, əmanət qismində banklara qoymağa üstünlük verirlər. Buna səbəb isə odur ki, borc və başqa problemlərlə üzləşən şirkətlər əvvəllər olduğu kimi investorlarına dividentlər ödəyə bilmirlər. Cənab Əhmədov əlavə etdi ki, Azərbaycanda işsizlik problemini aradan qaldırmaq və iqtisadi böhranın təsirlərini azaltmaq üçün ölkədə qeyri-neft sektorunun əsaslı inkişafına diqqət vermək lazımdır.

XS
SM
MD
LG