Accessibility links

Mişardaşı karxanalarını və əhəngdaşı yataqlarını istismar edən 7 nəfər həbs edilib


Daş karxanaları

Mişardaşı karxanası və əhəngdaşı yataqlarında qeyri-qanuni istismar işləri ilə bağlı 7 nəfər həbs edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətlərinin birgə məlumatında deyilir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən aparılan monitorinqlərin nəticəsində 22 hüquqi və 26 fiziki şəxsin Abşeron rayonu, Bakı şəhərinin Qaradağ, Səbael və Xəzər rayonları ərazisində yerləşən əhəngdaşı yataqlarında qeyri-qanuni istismar işləri aparmaları ilə əlaqədar toplanmış materiallar əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 192.2.1 (qanunsuz sahibkarlıq), 247 (işlərin yerinə yetirilməsi zamanı ətraf mühitin mühafizəsi (qorunması) qaydalarını pozma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

İstintaq-əməliyyat tədbirləri nəticəsində müəyyən olunub ki, Abşeron rayonunda yerləşən "Güzdək", Bakı şəhərinin Qaradağ rayonundakı "Güzdək, Gülbaxt, Qaradağ-II, Şahqaya və Karvansaray", Xəzər rayonunda yerləşən "Türkan-I və Türkan-II" və Səbael rayonu ərazisindəki "Şahinbax" mişardaşı karxanası və əhəngdaşı yataqlarında fəaliyyət göstərən 48 sahibkarlıq subyekti ətraf mühitin qorunması sahəsində qanunvericiliyin tələblərini yerinə yetirməyib, apardıqları qeyri-qanuni istismar işləri nəticəsində ətraf mühitə ümumilikdə 4 milyon 845 min manat məbləğində ziyan vurulub.

İstintaq zamanı həmçinin, qeyd edilən 48 sahibkarlıq subyektindən 29-nun "Dağ-mədən işləri, dağ və buruq qazmalarının aparılması"na dair müvafiq icra hakimiyyəti orqanı olan Fövqəladə Hallar Nazirliyindən lisenziya almadan fəaliyyət göstərdikləri müəyyən olunub.

Cinayət işi üzrə "Günəş" kooperativinin rəhbəri Xaləddin Yarıyev, fiziki şəxslər Afərin Babaxanov, Oruc Almazov, Laçın Qazaxov, Elşən Kazımov, Tapdıq Qasımov, Cəlal Əliyev təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə təqsirli şəxslərin dairəsinin tam müəyyən edilərək məsuliyyətə cəlb olunmaları, ətraf mühitə vurulmuş ziyanın ödətdirilməsi və nəticələrinin aradan qaldırılması istiqamətində zəruri tədbirlər davam etdirilir.

Bununla yanaşı, xəbərdə qanunsuz sahibkarlıq fəaliyyətinin qarşısının vaxtında alınmamasına və ətraf mühitin çirklənməsinə görə məsul olan rəsmi qurum və şəxslərin hərəkətsizliyinə hüquqi qiymət verilib-verilməyəcəyindən danışılmır.

Xatırladaq ki, Bakının ətrafında yerləşən çoxsaylı mişardaşı karxanaları və əhəngdaşı yataqları on illərdir rəsmi qurumların gözü qarşısında istismar olunur. Ekspertlər ətraf mühitə dəyən ziyanın məlumatda göstəriləndən dəfələrlə çox olduğunu bildirir. Daş karxanaları yerləşən bəzi rayonlarda küçlü külək əsəndə daş külü fırtınasından hərəkət etmək belə çətinləşir.

XS
SM
MD
LG