Accessibility links

Eks-prezident Ayaz Mütəllibovun oğlu torpağa tapşırılıb


Eks-prezident Ayaz Mütəllibovun oğlu torpağa tapşırılıb
Eks-prezident Ayaz Mütəllibovun oğlu torpağa tapşırılıb

Bu gün eks-prezident Ayaz Mütəllibovun oğlu Azad Mütəllibov Yasamal qəbiristanlığında dəfn olunub. Dəfn mərasiminə çoxsaylı insan qatılıb. 19 il Moskvada siyasi mühacirətdə olan Ayaz Mütəllibov və həyat yoldaşı mərasimdə iştirak edib.

Bu gün eks-prezident Ayaz Mütəllibovun oğlu Azad Mütəllibov Yasamal qəbiristanlığında dəfn olunub. Dəfn mərasiminə çoxsaylı insan qatılıb. 19 il Moskvada siyasi mühacirətdə olan Ayaz Mütəllibov və həyat yoldaşı mərasimdə iştirak edib. Mütəllibovun hökumətindəki keçmiş silahdaşları - Rəhim Hüseynov, Mitət Abbasov, müxalifət liderləri İsa Qəmbər, Əli Kərimli, Sərdar Cəlaloğlu, Nurəddin Məmmədli, Əli Əliyev, Əvəz Temirxan başsağlığı verənlər arasında olub.
Sosial-Demokrat Partiyasının həmsədri Araz Əlizadə Amerikanın Səsi radiosuna müsahibəsində Ayaz Mütəllibovun ailəsi adından prezident İlham Əliyevə minnətdarlıq bildirib. “Ayaz Mütəllibov Azərbaycana gəlməsi prezidentin humanist addımıdır. Ayaz Mütəllibovun ailəsi bu humanist addımına görə prezident İlham Əliyevə minnətdardır. Ayaz Mütəllibovun ailəsi eyni zamanda, Heydər Əliyev Fondunun prezidenti, birinci ledi Mehriban Əliyevaya da minnətdardır. Çünki, Azad xəstə olarkən onun Türkiyədə müalicəsi Mehriban xanımın göstərişi ilə Heydər Əliyev Fondu tərəfindən maliyyələşdirilib”, - deyə o qeyd edib.

Araz Əlizadənin sözlərinə görə, Ayaz Mütəllibov və xanımının Azərbaycana gəlməsi üçün prezident Əliyevin göstərişi ilə Azərbaycanın Moskvadakı konsulluğu müvəqqəti sənəd verib. “Yəqin ki, sonradan onlara pasport veriləcək. Çünki, onların Azərbaycanda yaşamalarına heç bir məhdudiyyət qoyulmayıb”.

O Ayaz Mütəllibovun Azərbaycanda olduğu müddətdə siyasətlə məşğul olmayacağını deyib. “Ayaz Mütəllibov Azərbaycanda qaldığı müddətdə Sosial Demokrat Partiyasının həmsədri kimi fəaliyyət göstərməyəcək”, - deyə o bildirib.

Xatırladaq ki, 49 yaşlı Azad Mütəllibov uzun sürən onkoloji xəstəlikdən vəfat edib.

XS
SM
MD
LG