Accessibility links

Ekspertlər Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyə qəbulla bağlı siyasi qərar verməsini vacib sayır


Ekspertlər Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyə qəbulla bağlı siyasi qərar verməsini vacib sayır
Ekspertlər Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyə qəbulla bağlı siyasi qərar verməsini vacib sayır

Azərbaycanın ÜTT-yə üzvlüyü ilə bağlı apardığı danışıqlar prosesi, qanunvericilik islahatları, islahatların iqtisadiyyata və biznesə təsirləri diqqət mərkəzində olub

Bakıda ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) və onun Azərbaycanda Ticarət və İnvestisiya İslahatlarına Dəstək Proqramı “Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlük prosesi altında aparılan islahatlar və onun özəl sektora təsirləri” mövzusunda seminar keçirib.

ÜTT üzrə ekspert, USAİD-in Ticarət və İnvestisiya İslahatlarına Dəstək Proqramının ÜTT komponentinin rəhbəri Fərhad Yaokim Fərhad Azərbaycanın ÜTT-yə üzvlüyünün vacibliyini qeyd edib. “ÜTT-nin üzvü olan bütün ölkələr bundan faydalanıb, 153 üzv ölkədən heç biri təşkilatdan imtina etməyib. Üzvlük dünyanın islahatlar sahəsində qabaqcıl təcrübəsinin milli iqtisadiyyata gətirilməsi deməkdir. Milli iqtisadiyyatın qabaqcıl təcrübəyə əsaslanması isə bazar iqtisadiyyatına keçid deməkdir”.
Azərbaycan ÜTT-yə üzvlüklə bağlı artıq 13 ildir ki, müzakirələr aparır. Ekspertlər hesab edir ki, danışıqlar sürətləndirilməli və ölkənin üzvlüyə qəbulu ilə bağlı siyasi qərar verilməlidir. “Elə islahatlar var ki, bu, bütün üzv ölkələr üçün eynidir və Azərbaycanda da bu islahatların yerinə yetirilməsi vacibdir. Bu islahatlar danışıqların predmeti deyil. Qanunvericilik sahəsində islahatlar hamı tərəfindən yerinə yetirilməlidir”, - deyə cənab Fərhad qeyd edib.
İslahatların əsas istiqamətləri tarif dərəcələrini, qanunvericilik, xidmətlər, kənd təsərrüfatı və digər sahələri əhatə edir. ÜTT-nin beynəlxalq eksperti Vüqar Bayramov bildirib ki, dünyada məhsulların və xidmətlərin 90 faizi ÜTT çərçivəsində həyata keçirilir. Ekspert hesab edir ki, Azərbaycan danışıqları sürətləndirməli və tez bir zamanda ÜTT-yə daxil olmalıdır. “Bu, ÜTT-nin hamı üçün faydalılığının göstəricisidir. Azərbaycan üçün də alternativ yoxdur. Vaxt uzandıqca şərtlər çətinləşir”, - ekspert qeyd edib.

İqtisadi İnkişaf Nazirliyinin nümayəndəsi Bəxtiyar Əliyev hökumətin tariflər və kənd təsərrüfatı sahəsinə irəli sürülən şərtlərlə bağlı narahatlığını ifadə edib. Onun fikrincə, bu şərtlər Azərbaycan üçün milli istehsalın inkişafına şərait yaratmır. Cənab Əliyev Azərbaycanın ÜTT-yə inkişaf etməkdə olan ölkə statusunda qəbul edilməsində israrlı olduğunu bildirib. “Belə ki, bu statusda qəbul gömrük tariflərində və kənd təsərrüfatında daha çox güzəştlərə imkan verir”.

Cənab Fərhad da deyib ki, Azərbaycan ÜTT-yə inkişaf etməkdə olan dövlət kimi qəbul olunmaq istəyir. “İnkişaf etməkdə olan ölkələr üçün gömrük tarifləri 10 faizdən aşağıdır, inkişaf etmiş ölkələr üçün isə 3-5 faizdir. Azərbaycanda hazırda gömrük tarifləri 6-7 faiz təşkil edir. Kənd Təsərrüfatı sahəsində isə subsidiyalar məhsulun dəyərinin 27 faizini təşkil edir. İnkişaf etmiş ölkələr üçün isə bu 5-10 faizə bərabərdir”.

Öz növbəsində, İqtisadi İnkişaf nazirliyinin rəsmisi bıldirib ki, üzv ölkələrin bəzilərində kənd təsərrüfatına yönəldilən subsidiyalar və gömrük tarifləri Azərbaycandan da yüksəkdir. “Amma Azərbaycana təklif edirlər ki, subsidiyalar ümumiyyətlə olmasın. Bu isə qəbul edilməzdir. Azərbaycan qanunvericilik sahəsində islahatları davam etdirir və standartlara uyğun mal istehsal edir”.

Ekspert Fərhad Fərhad deyib ki, ÜTT-nin qaydaları bütün ölkələr üçün eynidir. Belə ki, üzv ölkələrin hamısı qanunvericiliyini uyğunlaşdırmalıdır. Onun fikrincə, xidmətlər və digər sahələrdə fərqli yanaşmalar ola bilər. Amma, üzvlüyə qəbul qeyri-neft sektorunda rəqabətin artırılacağına mütləq şərait yaradacaq. “İstər yerli, istərsə də xarici investisiya iqtisadiyyat üçün faydalıdır. Hər iki halda şirkətlər vergi verir, məhsul istehsal edir, yeni iş yerləri açır. Həm məhsula görə vergi ödənilir, həm də işçilər vergi ödəyirlər”, - deyə o qeyd edib.

XS
SM
MD
LG