Accessibility links

Vəkil təzyiqlərlə bağlı rəsmi qurumlara müraciət edib (Yenilənib)


Vəkil Elçin Sadıqovun qardaşı Elvin Sadıqov noyabrın 3-də Göygöl Rayon Polis Şöbəsində sorğu-sual edilib.

Vəkil Elçin Sadıqov bildirib ki, polisdə qardaşından onun özü və ailəsi barədə soruşublar.

“Mənimlə, ailəmlə bağlı verilə biləcək bütün sualları veriblər. Həyat yoldaşımın yaxınları haqda soruşublar. Hətta övladlarımın hansı uşaq bağçasına getməsi haqda da suallar veriblər”, vəkil deyib.

O yaxınlarının üzləşdiyi bütün hüquq pozuntularını sonunadək hüquq mühafizə qurumları qarşısında qaldıracağını bildirib.

Sadıqov bütün baş verənlərin bilavasitə peşə fəaliyyəti ilə bağlı olduğunu, onu çəkindirmək, gözünü qorxutmaq niyyəti daşıdığını da vurğulayıb.

***

Vəkil Elçin Sadıqov Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlqla Mübarizə İdarəsinin (BMCMİ) əməkdaşları tərəfindən hədə və şantaja məruz qalması ilə bağlı Baş Prokurorluq, DİN və Dövlət Təhlükəsizlik Xidmətinin rəhbərlərinə müraciət edib.

Fikrət Fərəməzoğlu
Fikrət Fərəməzoğlu

Vəkil bildirib ki, noyabrın 2-də səhər jurnalist Fikrət Fərəməzoğlunun işi üzrə sənədlərə görə BMCMİ-yə gedib. Lakin nəzarət-keçid məntəqəsində müstəntiq ona deyib: “Sən və Fikrət Fərəməzoğlunun həyat yoldaşının bizim idarənin haqqında mənfi məlumat yayması sizə baha başa gələcək”. Bundan sonra internetdə vəkil və jurnalistin xanımı arasında guya sevgi münasibətlərinin olmasına dair məlumatlar yayılıb.

Sonra Facebook-da vəkilin adından saxta profillər açılıb.

Belə ki, həmin gün reytinqinfo.az saytında “Fikrət Fərəməzoğlunun işində sevgi macəraları. Jurnalistin xanımı və vəkil arasında gizli əlaqələr, sensasion faktlar, şok yazışmalar” başlıqlı məqalə yer alıb.

Lakin sonradan məqalələr saytdan çıxarılıb. “Reytinq” qəzetinin baş redaktoru Afiq Mirzəbəyli bildirib ki, redaksiyanın yazıya aidiyyatı yoxdur və sayta haker hücumu olub.

E.Sadıqov yazıb ki, təxminən onillik vəkillik fəaliyyəti ərzində jurnalistlər, siyasi və ictimai xadimləri müdafiə etdiyinə görə dəfələrlə təzyiqlərə məruz qalıb. Ancaq son vaxtlar hədə və təzyiqlər artıb. Hətta iş fiziki təzyiqlərə qədər gəlib çatıb. Belə ki, avqustun 27-də məhkəmədə BMCMİ-nin əməkdaşları vəkilə açıq şəkildə hədə-qorxu gəliblər. İclasdan sonra vəkil görüb ki, avtomobilinin ötürmə qutusunda bolt açılıb və oradan bütün yağ axıb.

“Kənar müdaxilə olmadan bunu etmək mümkün deyil”, E.Sadıqov qeyd edib.

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi

Oktyabrın 25-də onun müdafiə etdiyi fəal Qiyas İbrahimov 10 il həbs cəzası alıb. Bundan sonra vəkilin elektron ünvanına viruslar daxil olmağa başlayıb, mobil telefonu bir neçə saatlığa bloklanıb. Nəhayət, noyabrın 2-də BMCMİ-də onu açıq şəkildə hədəlyiblər.

Vəkil xatırladır ki, Konstitusiyanın 61-ci maddəsi azad vəkil fəaliyyətinə zəmanət verir. E.Sadıqov ümidvar olduğunu bildirib ki, güc qurumlarının rəhbərləri ona qarşı hədə və təzyiqlərin araşdırılması üçün lazımi addımlar atacaq.

Sadıqov Facebook səhifəsində yazıb ki, noyabrın 2-də qeydiyyatda olduğu Göygöl rayonuna polis gedib və onun barəsində anket məlumatları tələb edib.

“Noyabrın 3-də isə Göygöl rayonunda yaşayan qardaşımı polis idarəsinə çağırıblar. İndi polisin özü ilə də danışdım. Deyir, bizə sorğu gəlib onun üçün ətraflı anket məlumatları lazımdır”, Sadıqov qeyd edib.

Faiqə Nosreti (Foto Faiqe Nosretinin səhifəsindən götürülüb)
Faiqə Nosreti (Foto Faiqe Nosretinin səhifəsindən götürülüb)

Fikrət Fərəməzoğlunun həyat yoldaşı Faiqə Nosreti Facebook səhifəsində yazır ki, Fikrət Fərəməzoğlunun son məqaləsi jam.az saytında dərc ediləndən sonra onun Facebook səhifəsinə hücüm ediblər ki, öyrənsinlər jam.az saytını kim işlədir.

“Sonra vəkil Elçin Sadıqova hədə-qorxu gəldilər. Əxlaqsiz yazi dərc etdilər ki, guya mənim şəxsiyyətimə toxunacaqlar. Bəs, siz deyirdiniz F.Fərəməzoğlu rüşvət alanda həbs olunub? Bəs, niyə Fikrətin məqaləsi sizə bu qədər təsir göstərdi? Özünüz bir daha təsdiq etdiniz ki, Fikrət Fərəməzoğlunu yazılarına görə həbs etmisiniz ki, daha yazmasın. Amma bilmirsıniz ki, həbsxana divarları onun qələminin qarşısını ala bilməz! Onun cismi zindandadır, amma onun ruhunu, fikrini zindana sala bilməzsiniz! Artıq bunu anlayın...”, xanım Nosreti qeyd edib.

Media Hüququ İnstitutu: 4 ayda 31 jurnalist basqıya məruz qalıb
Media Hüququ İnstitutu: 4 ayda 31 jurnalist basqıya məruz qalıb

Media Hüququ İnstitutu (MHİ) bəyanatla çıxış edərək vəkil Elçin Sadıqov və onun həyat yoldaşı vəkil Zibeydə Sadıqovaya qarşı təzyiq kampaniyasından narahatlığını bildirib.

Bəyanatda deyilir ki, MHİ komandasının fəal üzvləri olan hər iki vəkil ifadə və mətbuat azadlığı hüququnun reallaşmasına görə zərər çəkən şəxsləri müdafiə edirlər.

Noyabrın 2-də Facebook-da vəkilin və onun xanımının qanunsuz əldə edilmiş şəxsi fotoları yayılıb.

“Vəkillərə bu cür görünməmiş təzyiqlər bir daha göstərir ki, ölkədə ədalət mühakiməsi ilə bağlı böyük problemlər var. Hökumət təkcə hakimlərin, prokurorların və müstəntiqlərin yox, vəkillərin də hüquqlarını müdafiə etməyə borcludur”, MHİ-nin bəyanatında deyilir.

Sonda E.Sadıqova və digər vəkillərə qarşı qanunsuz əməllərin təcili və effektiv araşdırılmasına çağırılır.

Vəkilin müraciətinə BMCMİ-i hələ münasibət bildirməyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG