Accessibility links

Endrü Kuomo: Koronavirus Nyu-Yorka Çindən yox, Avropadan gəlib


Nyu-York ştatının qubernatoru Endrü Kuomo cümə günü bildirib ki, tədqiqatlar koronavirusun ştata Çindən deyil Avropadan gəldiyini göstərir. O əlavə edib ki, ABŞ prezidenti Donald Tramp xəstəliyin yayılmasının qarşısını almaq məqsədilə səyahət qadağaları ilə bağlı qərarı çox gec verib.

Kuomo Northeastern Universitetinin təhqiqatlarına istinadən bildirib ki, 1 mart tarxində ştatda ilk yoluxma halı təsdiq olunduğu zaman Nyu Yorkda artıq 10 mindən çox insanın xəstəliyə yoluxduğu ehtimal olunur. O deyib ki, xəstəliyin Nyu Yorka İtaliyadan gəldiyi güman edilir.

Qubernator qeyd edib ki, Tramp Çinə səyahət qadağasını fevralın 2-də elan etmişdi. Bu isə Çində xəstəliyin elan olunmasından 1 aydan çox sonraya təsadüf edir. Lakin o, Avropa ilə də gediş-gəlişi növbəti ay məhdudlaşdırmışdı. O, virusun həmin dövrdə ABŞ-da geniş yayıldığına inandığını bildirir.

"Biz Çində epidemiya üzə çıxandan iki ay sonra addımlar atmağa başladıq. Geriyə dönüb baxanda düşünürsünüz ki, Çində virus iki ay ərzində hələ də bizim hərəkətə keçməyimizi gözləyirdi?" deyə Kuomo mətbuat konfransında sual edib. "Biz addımlar atmağa başlayanda qatar artıq çoxdan stansiyanı tərk etmişdi" deyə o əlavə edib.

Nyu-York ştatı ABŞ-da koronavirusun episentiri olaraq qalmaqdadır. Cümə günü ABŞ-da koronavirusdan ölənlərin sayı 50 mini ötüb. Ölümlərin 16 mindən çoxu təkcə Nyu-Yorkun payına düşür.

XS
SM
MD
LG