Accessibility links

Aİ Ukraynaya hərbi sursat istehsalını artırmaq üçün 545 milyon dollar ayrılması barədə razılığa gəlib


Ukrayna prezidenti Volodimir Zelenski cümə günü ölkəsinə müdaxilə edən Rusiya qüvvələrinə qarşı hücum və müdafiə əməliyyatları üçün uzaqmənzilli silahların istifadəsinə çağırışını bir daha təkrarlayıb.

Cümə günü Çexiyaya səfəri zamanı danışan Zelenski bildirib ki, Ukrayna ABŞ da daxil olmaqla, müttəfiqlərinin çoxu ilə uzaqmənzilli silah sistemləri barədə danışıqlar aparır.

"Uzaqmənzilli silahlar olmadan təkcə hücum missiyasını yerinə yetirmək deyil, düzünü desəm, müdafiə əməliyyatı aparmaq da çətindir. Bu, çox çətindir. Bu o deməkdir ki, siz öz torpağınızı müdafiə edirsiniz və düşməni məhv etmək üçün lazımi məsafəyə çata bilmirsiniz. Yəni düşmənin üstünlüyü var", o deyib.

Zelenskinin Praqaya səfəri gələn həftə NATO sammiti öncəsi xaricə turunun bir hissəsidir. Onun sammitdə alyansı Ukraynanı üzv kimi qəbul etməyə çağıracağı gözlənilir.

Avropa İttifaqı cümə günü bildirib ki, üzv ölkələr Ukrayna üçün sursat istehsalını artırmaq və üzvlərinin sursat ehtiyatlarını bərpa etmək üçün 545 milyon dollar ayırmaq barədə razılığa gəliblər.

Sursat İstehsalına Dəstək Aktı və ya ASAP əsasən artilleriya mərmilərinin və raketlərin istehsalına yönəlib.

Ukrayna ordusunun sözçüsü Serhiy Çerevatıy cümə günü Ukrayna televiziyasına bildirib ki, Ukrayna qüvvələri şərqdəki Baxmut şəhəri yaxınlığında bir kilometrdən çox irəliləyib.

"Müdafiə qüvvələri orada təşəbbüsü saxlamaqda davam edir, düşmənə təzyiq göstərir, hücum əməliyyatları keçirir, şimal və cənub cinahları üzrə irəliləyir" - deyə, Çerevatıy bildirib.

ABŞ rəsmilərinin bildirdiyinə görə, Bayden administrasiyası Ukraynaya Rusiyaya qarşı müharibəyə yardım etmək üçün kasetli sursatlar göndərməyi nəzərdən keçirir. Bu addım insan haqları qruplarının qəzəbinə səbəb ola bilər.

Bu mübahisəli silahlar bir topdan atılır və geniş əraziyə onlarla "bomba" səpələyir. Onlar döyüşlər bitdikdən uzun müddət sonra da zərər verə bilər. Kaset sursatları mülki şəxsləri risk qarşısında qoyduğu üçün 123 ölkə tərəfindən qadağan edilib. Lakin ABŞ, Ukrayna və Rusiya onları qadağan etməyib.

XS
SM
MD
LG