Gürcüstanda exit-poll nəticələrinə əsasən, oktyabrın 28-də prezident seçkilərində əsas favoritlər olan Salome Zurabişvili və Qriqol Vaşadze səslərin 40 faizini alıb.
Fransanın keçmiş təcrübəli diplomatı olan 66 yaşlı Salome Zurabişvilini hakim “Gürcüstan arzusu” partiyası dəstəkləyir. Qriqol Vaşadze isə Gürcüstanın müxalifət partiyalarının koalisiyası tərəfindən dəstəklənir. Onların hər ikisi Gürcüstanın xarici işlər naziri olub.
Exit-poll Rustavi-2 tele-kanalının müraciəti ilə ABŞ-ın sosioloji mərkəzi olan Edison Research qrupu tərəfindən aparılıb. Nəticələrə əsasən, Zurabişvili və Vaşadzedən sonra üçüncü yerdə böyük fərqlə digər namizədlər gəlir.
Salome Zurabişvili Baltik ölkələri istisna olmaqla, keçmiş Sovet İttifaqı məkanında ilk qadın prezident seçilmək şanslarına malikdir. O, Fransaya mühacirət etmiş gürcü valideynlərin ailəsində boya-başa çatıb və 2004-2005-ci illərdə Gürcüstanın xarici işlər naziri olmazdan əvvəl Fransanın ölkədəki səfiri olub.
Tərəfdarları Salome Zurabişvilinin Gürcüstan prezidentinin beynəlxalq səviyyədə nüfuzunu artıra biləcəyini deyir, lakin tənqidçilər onun 2008-ci ildə Rusiya ilə müharibəyə görə Gürcüstanı günahlandırdığı bəyanatları, onun azlıqlar barədə ksenofobiya kimi qiymətləndirdikləri açıqlamalarını və gürcü dilini mükəmməl bilməməsini tənqid edir.
Salome Zurabişvilinin əsas rəqibi keçmiş prezident Mixail Saakaşvilinin “Vahid milli hərəkat” partiyasının başçılığı ilə 11 müxalif partiyadan ibarət yeni platformanı təmsil edən 60 yaşlı Qriqol Vaşadzedir. O, 2008-ci ildən 2012-c ilə qədər Gürcüstanın xarici işlər naziri olub.
Gürcüstanın müxalifət partiyalarının koalisiyasını təmsil edən Qriqol Vaşadze müxalifətin uğurla qələbəyə doğru getdiyini bildirib.
“Vətənimiz qələbəyə bugünkü qədər yaxın olmayıb”-deyə, Vaşadze mətbuat konfransında bildirib.
Əgər namizədlərdən heç biri bazar günü səslərin 50 faizini ala bilməsə, seçkilərin ikinci turu keçiriləcək.
3.7 milyon əhalisi olan Gürcüstan Vaşinqtonun Qafqaz bölgəsində strateji müttəfiqidir və Avropa İttifaqı və NATO-ya üzv olmağı arzulayır. Xəzər dənizindən neft və qaz kəmərləri Gürcüstanın ərazisindən keçir.