“Seçki təşviqatı dövründə sosial şəbəkələrlə bağlı müraciətlər Mərkəzi Seçki Komissiyasında araşdırılacaq. Kütləvi İnformasiya Vasitələri (KİV) ilə bərabər, sosial şəbəkələr də diqqət mərkəzində olacaq”.
Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün, martın 24-də keçirilmiş iclasında komissiyanın sədri Məzahir Pənahov belə deyib.
APA-nın xəbərinə görə, MSK sədri dairə və məntəqə seçki komissiyalarına xəbərdarlıq da edib. O bildirib ki, komissiyalarda ən yüksək şərait yaradılıb, yanlışlığa yol verən komissiya üzvləri bağışlanmayacaq.
MSK-nın iclasında prezident seçkilərində “exit-poll” keçirmək istəyən təşkilatların müraciətlərinə də baxılıb. 4 belə təşkilat qeydə alınıb. Komissiyanın qərarına görə, “Els" Müstəqil Araşdırmalar Mərkəzi və “RƏY” Monitorinq Mərkəzi “exit-poll” keçirəcək.
Habelə, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının ABŞ-ın “Artur Finkelşteyn və Assosiasiya” şirkəti ilə, Vətəndaş Cəmiyyəti uğrunda Müstəqil Məsləhət və Yardım Mərkəzinin isə Fransanın “Opinion Way” təşkilatı ilə birgə “exit-poll” keçirəcəyi bildirilir.
MSK-nın iclasında məlumat verilib ki, prezident seçkilərini izləməkdən ötrü 55 min 887 yerli müşahidəçi qeydiyyatdan keçib. Beynəlxalq müşahidəçilərin sayının isə 312 olduğu bildirilir.
ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun və MDB-nin qısa müddətli müşahidəçiləri bu siyahıya daxil deyil.
İlk dəfə Azərbaycanda “exit-poll” 2005-ci il partlament seçkilərində keçirilib.
Ancaq müstəqil ekspertlərin bildirməsinə görə, “exit-poll” keçirən təşkilatların bir qayda olaraq maliyyə mənbəlarini şəffaf şəkildə açıqlamamları tənqidlə qarşılanıb. Müxalifət partiyaları rəsmi nəticələr kimi “exit-pollar”da da açıqlanan rəqəmlərə etimad göstərməyiblər.
Bu il Azərbaycanda prezident seçkisi 6 ay önə çəkilib. Aprelin 11-nə təyin edilən seçkilər oktyabrda keçirilməli idi.
Prezident seçkilərində ümumilikdə 8 şəxsin namizədliyi qeydə alınıb. Bunlar Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev, Müasir Müsavat Partiyasının rəhbəri Hafiz Hacıyev və "Cəbhəçilərin təşəbbüs qrupu"ndan Razi Nurullayevdir. Habelə, Yeni Azərbaycan Partiyasının sədri, hazırkı prezident İlham Əliyevin, deputat Zahid Orucun, Sosial Demokrat Partiyasının sədri Araz Əlizadənin və Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının rəhbəri Qüdrət Həsənquliyevin də namizədliyi qeydə alınıb.
Bir sıra müxalif qüvvələr-Milli Şura, Müsavat Partiyası, Klassik Xalq Cəbhəsi Partiyası isə seçkilərin azad və ədalətli keçirilməsindən ötrü şəraitin olmadığını bəyan edərək onu boykot ediblər.