Accessibility links

Dövlət ittihamçısı jurnalistə 7 il həbs istəyib


Əziz Orucov

Dekabrın 5-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Kanal-13” internet televiziyasının rəhbəri Əziz Orucovun işi üzrə dövlət ittihamçısı çıxış edib.

O, Ə.Orucovun 7 il azadlıqdan məhrum edilməsini istəyib.

Prokuror bildirib ki, qardaşlar - Anar və Əziz Orucovlar qrantlar haqqında qanunu pozublar. Onlar “Qafqaz Media Araşdırmalar Mərkəzi” QHT-nin hesabından külli miqdarda vəsaiti çıxararaq nağdlaşdırıblar.

"Ancaq xarici donorlarla qrant müqavilələri Ədliyyə Nazirliyində qeydiyyatdan keçməyib. Lakin müqavilə qrant sayıla bilməz və vəsaitdən mənfəət əldə etmək üçün istifadə olunub. Eyni zamanda, vergi ödənilməyib və bunu ekspertiza da təsdiq edib. Bundan əlavə, müttəhimin hesabına 35 min manatdan çox vəsait köçürülüb və bundan da vergi ödənilməyib”, dövlət ittihamçısı bildirib.

Dövlət ittihamçısının sözlərinə görə, Əziz Orucovun günahı “məhkəmədə tam sübuta yetirilib”. O, jurnalistin 7 il azadlıqdan məhrum edilməsini və 3 il ərzində rəhbər vəzifə tutmaq hüququndan məhrum olunmasını istəyib.

Məhkəmədə iştirak edən vəkil Əlibaba Rzayev digər iki vəkilin – Elçin Sadıqov və Cavad Cavadovun iştirak etməməsini əsas gətirərək çıxışa hazırlaşmaq üçün vaxt verilməsini istəyib.

Məhkəmə vəsatəti təmin edib və növbəti iclası dekabrın 12-nə təyin edib.

Əziz Orucov 2014-cü ildə yerli və xarici QHT-lərə qarşı cinayət işi çərçivəsində məsuliyyətə cəlb edilib.

O, Cinayət Məcəlləsinin 192.2.2 (külli miqdarda mənfəət əldə etməklə qanunsuz sahibkarlıq) və 308.2-ci (vəzifə səlahiyyətindən sui-istifadə) maddələri ilə ittiham olunub. Həmin maddələr üzrə maksimum cəza 8 ilədək azadlıqdan məhrumetmədir.

XS
SM
MD
LG