Accessibility links

Fauçi: ABŞ-da yaxın zamanda gündə 1 milyon peyvənd tətbiq edilə bilər


Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun direktoru, doktor Antoni Fauçi COVID-19-a qarşı Moderna peyvəndinin ilk dozasını aldıqdan sonra, 22 dekabr, 2020.

ABŞ-ın yoluxucu xəstəliklər üzrə baş mütəxəssisi, doktor Antoni Fauçi çərşənbə axşamı günü bildirib ki, vaksinasiya kampaniyasının ləng başlamasına baxmayaraq, tezliklə ölkədə COVID-19-a qarşı hər gün 1 milyon peyvənd tətbiq edilə bilər. Bununla belə, o, ABŞ--da koronavirus epidemiyasının yayıldığı bir vaxt qarşıda bir neçə təhlükəli həftənin olduğu ilə bağlı xəbərdarlıq edib.

Vaksinasiyanın ləng getməsi səhiyyə rəsmiləri və ictimaiyyətin narahatlığı ilə qarşılanıb, belə ki, kampaniyanın başlamasından keçən üç həftə ərzində ştatlara göndərilmiş peyvəndlərin yalnız üçdə birindən istifadə edilib.

“Hər dəfə böyük bir proqrama başladığınız zaman həmişə problemlər olur. Çatışmazlıqların aradan qaldırıldığını düşünürəm”, Fauçi Associated Press agentliyinə bildirib.

Lonq Ayland Tibb Mərkəzində tibb bacısı Sandra Lindsey COVID-19-a qarşı peyvənd alır
Lonq Ayland Tibb Mərkəzində tibb bacısı Sandra Lindsey COVID-19-a qarşı peyvənd alır

O, vaksinasiyanın artıq sürətlənməyə başladığını, gündə təxminən yarım milyon peyvənd vurulduğunu qeyd edib.

Hazırda tətillər artıq bitdikdən sonra, "işə başladıqda və impuls yarandıqda, düşünürəm ki, gündə 1 milyon və ya hətta bundan da yuxarı səviyyəyə çata bilərik", Fauci bildirib.

O, prezident seçilmiş Co Baydenin hakimiyyətinin ilk 100 günündə 100 milyon peyvənd verilməsi kimi hədəfini "çox real, mühüm və mümkün bir hədəf" adlandırıb.

Bu, COVID-19-la bağlı xəstəxanalara yerləşdirilən xəstələrin sayının artdığı fonda vaksinin dozalarının tətbiq edilməsinə çalışdıqları bir vaxt ştatlar və dairələrin qarşılaşdığı logistik problemlər nəzərə alınmaqla olduqca nikbin bir proqnozdur.

Fauçi bayram mövsümündən öncə də Kaliforniyanın xəstəxanalarının dolu olduğunu, tətillərdən sonra isə yoluxmaların artdığını qeyd edib.

Onun təxminlərinə görə, virusun yayılmağa davam etməsinin çətinləşməsi üçün kifayət qədər insanın müdafiə olunduğu “kollektiv immunitet”in yaranması üçün ABŞ əhalisinin 70-80 faizi vaksinasiya olunmalıdır. Bu, 280 milyon nəfər deməkdir.

O, gələn payızın əvvəlinə qədər buna nail oluna biləcəyinə ümid bəslədiyini deyib.

Koronavirus 356 000-dən çox amerikalıın ölümünə səbəb olub və növbəti bir neçə həftə ərzində ölkə boyu yoluxmaların sayında daha bir artım baş verə bilər. Fauçi bildirib ki, bu, "vəziyyətin daha da pisləşməsinə gətirib çıxara bilər."

Trump administrasiyası dekabr ayında ştatları 20 milyon insan üçün kifayət qədər vaksinlə təmin etməyə söz versə də, ştatlar peyvəndlərin ilk olaraq tibb işçiləri və qocalar evlərinin sakinlərinə vurulması kimi öz rolunu yerinə yetirməyə çalışdığı vaxt bu məqsədə nail olunmayıb.

Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzlərinin bildirdiyinə görə, çərşənbə axşamı səhərədək təxminən 17 milyondan çox dozanın 4.8 milyon dozasından istifadə edilib. Bu rəqəmin hesabatlarda gecikmələrə görə olduğundan daha az göstərildiyi ehtimal edilsə də, ekspertlərin gözlədiyindən çox azdır.

Lakin Fauçi vaksinlərin tətbiqi ilə bağlı nikbin proqnozunu təsdiq etmək üçün tarixdə əlamətdar bir hadisəni qeyd edib: 1947-ci ildə Nyu-Yorkda bir aydan az müddət ərzində 6 milyondan çox insan çiçək xəstəliyinə qarşı peyvənd edilmişdi. “Onlardan biri mən idim, altı yaşmı var idi”, Fauçi deyib.

Onun sözlərinə görə, əgər bir şəhərdə bir neçə həftə ərzində belə kütləvi vaksinasiyanın həyata keçirilməsi mümkündürsə, o zaman bütün ölkə üçün "bu, qeyri-adi bir şey olmayacaq". “Məktəblərdə sinif otaqlarından, stadionlardan istifadə edə bilərsiniz. Apteklərin iştirakını həqiqətən artıra bilərsiniz", Fauçi bildirib.

Belə sürətli templə bunun ölkədə infeksiyalara təsirini yazın əvvəlində görmək mümkün ola bilər, payızın əvvəlinə qədər isə Fauçinin bildirdiyinə görə, "müəyyən dərəcədə normal vəziyyətə qayıtmaq barədə düşünməyə başlaya bilərsiniz."

ABŞ-da Pfizer-Biontech və Moderna şirkətlərinin hazırladıqları vaksinlərin tətbiqinə başlanıb. Hazırda vaksinlər ilk növbədə tibb işçiləri və qocalar evlərinin sakinlərinə tətbiq edilir. Vaksinasiya kampaniyasının sonrakı mərhələsində yaşı 65-dən yuxarı və sağlamlıq problemləri olan şəxslərə peyvənd verilməsi planlaşdırılır.

XS
SM
MD
LG