Oktyabrın 15-də Azərbaycan Respublikası və Fələstin Dövləti Xarici İşlər nazirlikləri arasında məsləhətləşmələr haqqında Anlaşma Memorandumu imzalanıb. Sənəd Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun Fələstin Dövlətinin xarici işlər naziri Riyad əl-Maliki ilə görüşündə imzalanıb.
Görüşdən sonra keçirilən birgə mətbuat konfransında Məmmədyarov deyib ki, sənədə əsasən ildə bir dəfə Bakıda, bir dəfə Ramallada siyasi məsləhətləşmələr keçiriləcək.
Görüşdə Azərbaycan ilə Fələstin arasında sosial sahədə, xüsusilə təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi ilə bağlı müzakirələr aparılıb. “Azərbaycanda fələstinli tələbələr təhsil alır və onların sayı artırılacaq”.
Nazir Azərbaycanın Fələstinə humanitar yardımını və beynəlxalq təşkilatlar çərçivəsində dəstəyinin bundan sonra da davam etdiriləcəyini deyib.
Riyad əl-Maliki Fələstinin Azərbaycan ilə əməkdaşlığı daha da genişləndirməkdə maraqlı olduğunu bildirib. O, azərbaycanlı həmkarı ilə görüşdə müxtəlif sahələrdə əlaqələrin inkişaf etdirilməsi barədə razılığa gəlindiyini söyləyib.
Nazir Fələstinə göstərdiyi humanitar yardıma və beynəlxalq təşkilatlar çərçivəsində verdiyi dəstəyə görə Azərbaycan hökumətinə təşəkkürünü bildirib.
O Yaxın Şərqdə, o cümlədən Suriya, İraq, Livan və digər ölkələrdə Azərbaycan və Fələstini narahat edən məsələlər ətrafında da fikir mübadiləsi aparıldığını deyib.
Bununla yanaşı Fələstin BMT Baş Assambleyasına təqdim etməyə hazırlaşdığı İsrail üzrə yeni qətnamə layihəsi ilə bağlı Azərbaycandan dəstək almaq niyyətindədir.
Riyad əl-Malikinin sözlərinə görə, Fələstin bununla əlaqədar müxtəlif ölkələrlə məsləhətləşmələr aparır. “Artıq 9 dövlət qətnamənin lehinə səs verəcəyini bildirib”.
Nazir danışıqlarda Azərbaycan tərəfinin məsələ ilə bağlı məlumatlandırıldığını bildirib.
Fələstin tərəfi Amerikanın Səsinin sualının cavabında Azərbaycanla iqtisadiyyat, ticarət və biznes sahələrində əlaqələrin genişləndirilməsində maraqlı olduğunu bəyan edib.