Prezident İlham Əliyev iyunun 16-da “Formula One Management”in prezidenti Berni Ekklstounu qəbul edib.
Prezidentin rəsmi saytının məlumatına görə, “Formula One Management”in prezidenti Berni Ekklstoun Formula-1 yarışının Bakıda yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb. O, Bakıda gördüyü inkişaf
proseslərinin onda dərin təəssürat yaratdığını deyib. Berni Ekklstoun bu tədbirin Bakıda keçirilməsinin Azərbaycanda gedən inkişaf prosesləri ilə bağlı məlumatların dünyada yayılması işinə xidmət edəcəyini vurğulayıb. O, Azərbaycanın Formula-1 ailəsinə daxil olmasından məmnun qaldığını deyib.
Beynəlxalq tədbirlərin təşkili baxımından Azərbaycanın yaxşı təcrübəyə malik olduğunu deyən dövləti başçısı Formula-1 yarışının keçirilməsi üçün paytaxtın artıq hazır olduğunu deyib. Prezident İlham Əliyev yarım milyardlıq auditoriyası ilə maraq doğuran və dünyanın məşhur idman yarışlarından olan Formula-1-in keçirilməsi münasibətilə əhali arasında yüksək əhvali-ruhiyyənin olduğunu vurğulayıb.
Prezident İlham Əliyev bildirib ki, biz Bakının gözəlliyi və ölkəmizin inkişafı ilə bağlı dünyada daha çox məlumatın yayılmasında maraqlıyıq. Bu baxımdan ölkəmizdə keçirilən beynəlxalq tədbirlərin önəmini qeyd edən dövlət başçısı son vaxtlar Azərbaycana gələn turistlərin sayının artmasını sevindirici hal kimi dəyərləndirib. Formula-1 yarışının əhəmiyyətinə toxunan Prezident İlham Əliyev Azərbaycana daha çox turistin gəlməsi üçün tədbirin yaxşı imkan yaratdığını vurğulayıb.
Dövlət başçısı qeyd edib ki, turistlərin Azərbaycanda sayının artması daha çox insanın təkcə Bakıda deyil, Azərbaycanın digər bölgələrində gedən inkişaf prosesləri ilə bağlı dolğun informasiya əldə etmək imkanı yaradır. Prezident İlham Əliyev Formula-1 yarışının bu baxımdan böyük önəm daşıdığını vurğulayıb.
Formula 1 Avropa Qran Prisi iyunun 16-19-da Bakıda keçiriləc ək.3 gün ərzində Formula 1 yarışının sərbəst yürüşləri, təsnifat mərhələləri, bazar günündə isə əsas yarış baş tutacaq. Yarışlar yeni qurulmuş Bakı Şəhər Halqasında keçirilir.