Fransa prezidenti Nikola Sarkozı polisə yanacaq anbarlarına qoyulmuş blokadanı yarmağı əmr edib. Artıq bir neçə gündür ki, nümayişçilər pensiya islahatlarına qarşı etiraz edirlər. Daxili işlər naziri Brays Hortefö polisin dünən gecə üç deponu azad etdiyini bildirib. Etiraz aksiyaları Fransanın yanacaqdoldurma məntəqələrinin dörddə birinə təchizatı dayandırıb. Dünən Paris küçələrində çox sayda adam pensiya yaşının 60 yaşından 62 yaşına qaldırılmasına etiraz edib. CGT Əmək İttifaqı ölkəboyu keçirilən nümayişlərə 3.5 milyon adamın qatıldığını bildirir. Nümayişlər hava və qatar nəqliyyatında fasilələr yaradıb.