Accessibility links

Fransa prezidentliyinə namizədlər canlı yayımda üz-üzə gəldilər


Prezidentliyə namizədlər Marin Le Pen və Emmanuel Makron

Çərşənbə günü Fransa prezidentliyinə namizədlər Marin Le Pen və Emmanuel Makron canlı debatda iştirak ediblər. Seçkilərə bir neçə gün qaldığından iki saat çəkən televiziya debatı hər iki namizəd üçün mühüm əhəmiyyət daşıyırdı.

Le Pen Makronu rəhmsiz kapitalist adlandırmaqla bərabər, rəqibinin terrorizmlə bağlı mövqeyinin zəif olduğunu söyləyib. Makron isə növbəsində Le Peni yalançı və təhlükəli ekstremist adlandırıb.

Ölkədəki yüksək işsizlik dərəcəsi debatın əsas mövzulardan biri idi. Makron bildirib ki, problemi həll etmək üçün hökümət qaydaları sadələşdirərək, kiçik və orta biznesin inkişafına şərait yaratması lazımdır. Le Pen isə öz növbəsində xarici ölkələrdəki işçi qüvvəsinə arxalanan şirkətlərə daha çox vergi tədbiq edəcəyini deyib.

Son iki il 240 fransızın həyatına son qoyan terrorizm mövzusunda isə Le Pen ekstremizmi təşviq etmələrində şübhəli bilinən məscidlərin bağlanması, həbsxanaların genişlənməsi və sərhədin gücləndirilməsini təklif edib. Makron isə bu mövzuda onlayn nəzarət və polisin gücləndirilməsi, eyni zamanda kəşfiyyat məlumatlarının mübadiləsinin vacib olduğunu bildirib.

Bu debat ifrat sağçı Le Pen və mərkəzçi Makron arasında mübarizənin kuliminasiya nöqtəsi ola bilər. Sorğulara əsasən seçicilərin 18 faizi mayın 7-si keçiriləcək seçkilərdə necə səs verəcəkləri ilə bağlı son qərarlarını hələ verməyiblər. 20 milyon insanın canlı izlədiyi bu debat namizədlərin həmin kəsimi öz tərəflərinə cəlb etmək üçün əsas cəhdlərdən biri idi.

Son rəy sorğularına görə, seçicilərin 60 faizi Makrona, 40 faizi isə Le Penə səs verməyə meyllidirlər. Buna baxmayaraq, iki namizədlər arasındakı fərq getdikcə azalmaqdadır.

XS
SM
MD
LG