Accessibility links

Fransanın baş naziri karantin rejimindən çıxmağın vaxtının gəldiyini deyib


Fransanın baş naziri Eduard Filip koronavirusun yayılmasının qarşısını almaq üçün tətbiq olunan özünü təcrid rejiminin on minlərlə insanın həyatını xilas etdiyini, ancaq iqtisadi tənəzzülün qarşısını almaq üçün məhdudiyyətləri asanlaşdırmağın vaxtı gəldiyini bildirib.

Fransada ölənlərin sayı 23 000-i keçib. Bu göstəriciyə görə Fransa ABŞ, İtaliya və İspaniyadan sonra dünyada dördüncü yerdədir.

Ancaq hökumət indi tənəzzülün yaşandığı iqtisadiyyatı qurtarmaq üçün yoluxmaların sayının azalmasından faydalanmağa çalışır. Eduard Filip​in sözlərinə görə, belə olan halda, Fransa xalqı yeni bir yaşayış tərzinə uyğunlaşmalı olacaq.

"Biz virusla yaşamağı öyrənməliyik. COVID-19 ilə yaşamağı və ondan qorunmağı öyrənməliyik" - deyə, Filip parlamentə müraciətində tədricən məhdudiyyətlərin azaldılması tədbirlərini açıqlamağa başlayarkən bildirib.

Filip administrasiyası Fransanın çox sürətlə hərəkət edəcəyi təqdirdə ikinci yoluxma dalğası riskini artırmadan mart ayının ortalarından bəri evlərində qalmış insanların artan narazılığının azaldılması arasında balans yaratmağa çaışır.

Baş Nazir Fransada təhlükə olmasa, mayın 11-də karantin məhdudiyyətlərin aradan qaldırılmasına başlanılacağını bildirib.

"Göstəricilər istədiyimiz kimi olmasa, mayın 11-də özünütəcrid qaydaları qalacaq və ya daha da sərtləşdiriləcək" - deyə, Eduard Filip açıqlama verib.

Baş nazir Fransanın həftədə 700.000 test keçirmə qabiliyyətinə malik olacağını vurğulayıb. Dövlət bu testlərin xərclərini tam ödəyəcək.

Filipin müraciəti axşam saatlarında debat və səsvermə ilə davam edəcək. Sosial məsafə qaydalarına riayət edərək parlamentin 577 deputatından yalnız 75-i palatada oturacaq.

XS
SM
MD
LG