Accessibility links

Gürcüstan müxalifəti yeni etiraz aksiyaları planlaşdırır


Gürcüstanda müxalifət partiyaları bir aydan çoxdur aclıq aksiyası keçirən sabiq prezident Mixail Saakaşvilinin həbsxana xəstəxanasında mühafizəçilər tərəfindən zorakılığa məruz qaldığını bildirməsindən sonra daha çox etiraz aksiyası keçirməyi planlaşdırır.

Noyabrın 8-də Azadlıq meydanında mitinq keçirən müxalifət partiyalarının bəzi nümayəndələri və tərəfdarları Tbilisidə hökumət administrasiyasının binası qarşısında gecələyiblər.

AzadlıqRadiosunun gürcü xidməti xəbər verir ki, noyabrın 9-da səhər saatlarında ərazidə bir neçə yüz adam olub və polis metal baryerlər qurub.

Mitinqdə Vahid Milli Hərəkatın (VHH) lideri Nika Melia əsas müxalifət partiyasının üç tələbini açıqlayıb: Saakaşvilinin sivil xəstəxanaya köçürülməsi, həbsdən azad edilməsi, bələdiyyə və mer seçkilərinin təkrarlanması.

Mitinqdən əvvəl Saakaşvilinin səhhəti ilə bağlı narahatlıqlar səbəbindən o, Rustavidəki həbsxanadan Qdanidəki həbsxanasının klinikasına köçürülüb.

Saakaşvili noyabrın 8-də deyib ki, o, klinikaya gələn zaman mühafizəçilər tərəfindən söz və fiziki təzyiqlərə məruz qalıb. O, vəkili vasitəsilə yaydığı məktubunda boynuna yumruq vurduqlarını və saçından tutaraq yerdə sürüklədiklərini bildirib.

Saakaşvili Facebook-da yazdığı məktubda yalnız öz həkimləri ilə görüşəcəyini və həbsxanadakı tibb işçiləri ilə əməkdaşlıq etməyəcəyini bildirib. Onun vəkilləri və şəxsi həkimi isə 53 yaşlı keçmiş prezidentin vəziyyətinin pisləşdiyini deyərək, Saakaşvilinin tezliklər özəl klinikaya köçürülməsini tələb edib.

Hökumət isə bu tələbləri rədd edərək, lazım gələrsə onun həbsxana xəstəxanasına köçürüləcəyini bildirib.

2004-2013-cü illərdə prezident olmuş Saakaşvili 2013-cü il prezident seçkilərindən qısa müddət sonra ölkəni tərk edib və 2018-ci ildə hakimiyyətdən sui-istifadə etmək, eləcə də müxalif deputatın döyülməsi ilə bağlı sübutların ört-basdır edilməsində ittiham olunaraq qiyabi şəkildə həbsə məhkum edilib.

Saakaşvili ona qarşı irəli sürülən ittihamların siyasi motivli olduğunu bildirir.

Şərhlərə bax

XS
SM
MD
LG