Accessibility links

Gəncədə əməliyyat zamanı iki nəfər öldürülüb


DTX əməliyyat zamanı

Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Famil Ələkbərov və Rüstəm Rzayevin öldürüldüyünü bildirib.

DTX-nın noyabrın 4-də yaydığı məlumatda deyilir ki, hər iki şəxs "radikal dini ekstremist qrupun" üzvü olub və onlar "ölkə ərazisində terror aktı planlaşdırıblar".

"2018-ci il noyabrın 4-də Gəncə şəhərində tərkisilah olunmaları və cinayət məsuliyyətinə cəlb edilmələri üzrə keçirilən əməliyyat tədbirləri zamanı Rüstəm Rzayevin və Famil Ələkbərovun olduğu və sonuncunun idarə etdiyi avtomobil saxlanılıb. Lakin həmin şəxslər odlu silahdan atəş açaraq silahlı müqavimət göstərib. DTX-nin xüsusi əməliyyat qrupu tərəfindən cavab tədbiri olaraq Famil Ələkbərov və Rüstəm Rzayev məhv edilib," məlumatda deyilir.

DTX-nin məlumatına görə, hadisə yerindən 1 ədəd "Kalaşnikov" avtomatı, həmin silaha aid sursat, 1 ədəd "F1" əl qumbarası, Famil Ələkbərova məxsus avtomobilə baxış zamanı partlayıcı maddə olan 3 ədəd 200 qramlıq trotil şaşkası və onları işə salmaq üçün 3 ədəd elektrodetonator aşkar edilərək maddi sübut kimi götürülüb.

Məlumatda deyilir ki, faktla bağlı cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Bununla yanaşı, öldürülən şəxslərin ailələri, yaxınları DTX-nin yaydığı məlumata hələ münasibət bildirməyib.

Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevə və polis nəfərinə bu il iyulun 3-də silahlı sui-qəsd edilib. Sui-qəsdi edən Yunis Səfərov saxlanılıb. İyulun 10-da isə Gəncədə qarşıdurma zamanı iki yüksək rütbəli polis zabiti qətlə yetirilib.

Hüquq-mühaizə orqanlarının yaydığı məlumata görə, bu hadisədən sonra 70-dən çox insan həbs edilib, azı 5 nəfər öldürülüb.

Müstəqil müşahidəçilər Gəncə şəhərindəki ekstremistlərin yay hadisələrində aidiyyatını inkar edirdilər və baş verənləri Azərbaycanın mövcud hakimiyyətinə və prezident İlham Əliyevə qarşı etirazlarla əlaqələndirirlər. 2003-cü ildə Azərbaycanda hakimiyyətə gələn İlham Əliyev siyasi opponentlərini, müstəqil media və hüquq müdafiəçilərini təqib etməklə Qərbdə tənqidlərə məruz qalıb.

2016-cı ilin yanvar ayından etibarən Azərbaycan sakinləri işsizliyə etiraz nümayişləri, ölkədə əmək haqqının ödənilməsi ilə bağlı problemlər və ərzaq məhsullarının qiymətlərinin yüksəldilməsi ilə əlaqədar etiraz askiyaları keçiriblər.

XS
SM
MD
LG