Accessibility links

Corc Kent: Azərbaycan siyasi və vicdan məhbusları olan ölkələr arasında olmamalıdır


“ABŞ və Azərbaycan regional məsələlər və təhlükəsizlik problemləri üzrə əməkdaşlığı davam etdirir. Təməl azadlıqların dəstəklənməsi Amerikanın xarici siyasət prinsiplərindən biridir. Təkcə güclü hökuməti deyil, həm də güclü vətəndaş cəmiyyəti olan ölkə uğurlu ola bilər. İnsanlar Konstitusiyada təsbit edilmiş təməl azadlıqlarını həyata keçirə bilməlidir. Biz bu məsələlərdə Azərbaycan hakimiyyəti ilə dialoqu davam etdiririk.”

Bu barədə Bakıda jurnalistlərlə söhbətində ABŞ dövlət katibinin köməkçisinin müavini Corc Kent bildirib.

Turan agentliyinin İlham Əliyevlə görüşdə siyasi məhbusların azad edilməsi, siyasi fəalların və jurnalistlərin, vətəndaş cəmiyyəti nümayəndələrinin təqibinə son qoyulması məsələlərinin müzakirə edilib-edilməməsi barədə sualına Kent təsdiq cavabı verib.

ABŞ vətəndaş cəmiyyətinin azad fəaliyyətinin təmin edilməsini vacib hesab edir. Alternativ və tənqidi səslərin mövcudluğu ölkəni daha da gücləndirir. İnsanlara fikirlərini bildirmək, birləşmək və tənqid etmək imkanı vermək güclü olduğunu göstərmək deməkdir.
George Kent, ABŞ rəsmisi

"Prezident Əliyevlə görüşdə bütün bu məsələləri qaldırdıq. Xüsusən, mən KİV sahəsində vəziyyətlə bağlı məsələni qaldırdım, bu mövzuya ötən ilin oktyabrında Bakıya səfərim zamanı da toxunmuşdum," Kent bildirib.

Onun sözlərinə görə, görüşdə iştirak edən ABŞ səfiri Li Litsenberqer demokratik azadlıqlar və vətəndaş fəalları haqqında məsələni qaldırıb.

ABŞ vətəndaş cəmiyyətinin azad fəaliyyətinin təmin edilməsini vacib hesab edir. Alternativ və tənqidi səslərin mövcudluğu ölkəni daha da gücləndirir. İnsanlara fikirlərini bildirmək, birləşmək və tənqid etmək imkanı vermək güclü olduğunu göstərmək deməkdir.

"Bizim Azərbaycan hakimiyyətinə mesajımız belə oldu," Kent bildirib.

O, həmçinin bütün bu məsələlərin təmin edilməsinin Azərbaycan cəmiyyətindən də asılı olduğuna işarə edib.

"Bu, bizim ölkəmiz deyil, sizin ölkənizdir," o qeyd edib.

Turanın İlham Əliyevin bütün bunları təmin etmək üçün siyasi iradəsinin olub-olmaması haqqında sualına cavabda Vaşinqton nümayəndəsi bildirib ki, iki dəfə İlham Əliyevlə görüşüb və "yaxşı söhbət" aparıb. Bu görüşlər arasında siyasi məhbus kimi qəbul edilən şəxslərin bəziləri azad edilib.

"Bunu müsbət jest hesab edirəm və ümid edirik ki, bu jestlər davam edəcək, digər jurnalistlər və fəallar da azadlığa çıxacaq. Azərbaycan siyasi məhbuslar və vicdan məhbusları olan ölkələr arasında olmamalıdır. Bu məsələdə hakimiyyətlə dialoqu davam etdirmək vacibdir və mən ümid edirəm ki, yaxın gələcəkdə bu regionda siyasi məhbuslar olan bir ölkə qalacaq - Rusiya," Kent bildirib.

Mən ümid edirəm ki, yaxın gələcəkdə bu regionda siyasi məhbuslar olan bir ölkə qalacaq – Rusiya.
George Corc ABŞ rəsmisi

Turan-ın İlham Əliyevlə Amerikanın IREX, NDI və digər qeyri-hökumət təşkilatlarının Azərbaycana qayıtması məsələsinin müzakirə olunub-olunmadığı barədə dəqiqləşdirici sualına Vaşinqton nümayəndəsi inkar cavabı verib.

ABŞ dövlət katibi köməkçisinin müavini Kent deyib ki, Amerika Cənubi Qafqaz ölkələri ilə bağlı siyasətini dəyişdirməyib.

“Ötən ilin oktyabrında ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşavirinin bu regiona səfərini bu siyasətin dəyişməsi kimi dəyərləndirmək olmaz. Bu səfər Amerika-Azərbaycan münasibətlərinin, eləcə də digər region ölkələri ilə münasibətlərin yaxşılaşması üçün faydalı idi. Belə səfərlər zamanı tərəflər bir-birinə məlumat verir, öz dövlətlərinin siyasətini daha yaxşı başa düşür. Bu, sizin üçün böyük dövlətin nümayəndəsinin sizin ölkənizə gəldiyi və sizin hökumətinizlə danışdığı haqqında siqnaldır. Bu, hansısa problemləri həll etmək, hansısa məsələlərdə razılaşma əldə etmək imkanıdır,” o qeyd edib.

Kent deyib ki, Con Bolton bir sıra ciddi mövzuları, hansısa məsələlərin həll edilməsi və münasibətlərin yaxşılaşdırılmasının mümkünlüyünü müzakirə edib.

“Bu, vacibdir, belə ki, dünyada gediləcək çox ölkə və çox problem var."

Vaşinqtonun İranın iştirakı ilə həyata keçirilən regional layihələrə münasibəti haqqında suala cavabda ABŞ dövlət katibi köməkçisinin müavini bildirib ki, Tehrana qarşı beynəlxalq sanksiyaları nəzərə alaraq, ABŞ İranda layihələrə investisiyaların əleyhinədir.

Onun sözlərinə görə, bu layihələr iqtisadi cəhətdən səmərəli olmayacaq.

XS
SM
MD
LG