"Spiegel" xəbər agentliyinin bildirdiyinə görə, Almaniyada Meklenburq Pommern bölgəsindəki Ştremkendorf kommunasında müharibədən qaçan ukraynalıların yaşadığı binada yanğın baş verib.
Yanğın oktyabrın 19-da axşam saatlarında başlayıb, hostelin 14 sakini və 3 əməkdaşından heç biri xəsarət almayıb.
"Bütün 14 sakin binanı sağ-salamat tərk edə bilib. Üç işçinin də vəziyyəti yaxşıdır" - deyə, Şimal-Qərb Meklenburq rayonunun sözçüsü bildirib.
Polis binanın qəsdən yandırıldığını güman edir. Keçən şənbə günü hüquq-mühafizə orqanlarının əməkdaşları sığınacağa giriş lövhəsində svastika olan qraffitilərə görə gəliblər.
"Bir yanğınsöndürən kimi çoxillik təcrübəmə əsaslanaraq, deyə bilərəm ki, bu yanğının qəsdən törədildiyini güman edirəm" , yerli hökumət nümayəndəsi bildirib.
Hökumət nümayəndəsinin dediyinə görə, yanğından dərhal sonra bütün sakinlər başqa binaya köçürülüb.
BMT-nin məlumatında Rusiyanın Ukraynaya təcavüzü başlayandan bəri 14 milyondan çox ukraynalı ölkəni tərk edib. Onlardan təxminən 7 milyonu geri qayıtsa da, daha 7,7 milyon insan Avropada qalıb. Qaçqınların Avropa İttifaqı ölkələri üzrə paylanmasına görə birinci yerlərdə Polşa (1,4 milyon) və Almaniya (1 milyondan çox) gəlir.