Accessibility links

İlham Əliyev müsəlman ölkələrinin Azərbaycandakı səfirləri ilə görüşüb


İlham Əliyev müsəlman ölkələrinin səfirləri ilə

Prezident İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı səfirlərini və diplomatik nümayəndəliklərinin rəhbərlərini qəbul edib. Bu barədə Azərbaycan prezidentinin rəsmi saytı məlumat yayıb.

Prezident Əliyev bildirib ki, Azərbaycanın islam ölkələri ilə çox sıx əlaqələri var.

“Biz ikitərəfli formatda fəal əməkdaşlıq edirik və beynəlxalq arenada bir-birimizi daim dəstəkləyirik. Xüsusilə BMT-də və digər beynəlxalq təşkilatlarda təmsil etdiyiniz ölkələrlə əməkdaşlığımız çox uğurludur”.

Əliyev Ermənistan-Azərbaycan münaqişəsindən danışarkən deyib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yalnız beynəlxalq hüququn norma və prinsiplərinə uyğun, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır.

“Biz bütün beynəlxalq təşkilatlarda münaqişə ilə bağlı həqiqətləri ortaya qoyuruq, dünya ictimaiyyətinə çatdırırıq. Əlbəttə, bunu müsəlman ölkələrinin ictimaiyyətinə də çatdırırıq ki, bu ölkələrdə yaşayan bizim qardaşlarımız ermənilər tərəfindən işğal edilmiş torpaqlarda hansı vəhşiliklərin törədildiyini görsünlər”.

Prezident bu yaxınlarda “işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində ucaldılmış məscidin Şuşa məscidinin memarlığını təkrarladığını” deyib.

Prezident islam həmrəyliyinin vacibliyini bildirib.

“Bu il Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilmişdir. İl ərzində ölkəmizdə və digər ölkələrdə bir çox tədbirlər keçirilmişdir. Bu ili “İslam Həmrəyliyi İli” elan etməyimiz bizim siyasətimizi əks etdirir, niyyətimizi göstərir. Mən tam əminəm ki, biz - müsəlman ölkələri öz aramızda olan problemləri dinc yolla həll etməliyik və həmrəyliyi gücləndirməliyik”.

O eyni zamanda, bu il Azərbaycanda IV İslam Həmrəyliyi Oyunları keçirildiyini diqqətə çatdırıb.

Fələstin Dövlətinin Azərbaycandakı səfiri Nəsir Əbdül Rəhim deyib ki, Azərbaycan islamın əsl ruhunu əks etdirən, sülhün, inklüzivliyin, tolerantlığın əsas yer tutduğu ən nümunəvi məkanlardan biridir.

“Burada müxtəlif dinlərin nümayəndələri sülh şəraitində yan-yana yaşayırlar. Onlar ölkənizdə bir-biri ilə harmoniyada çalışmaq imkanına malikdirlər”.

O arzu edir ki, dağıntı və terror yayaraq, islamın adını ləkələyən pis əməllərə və səhv düşüncələrlə yaşayan məkrli qüvvələrə qalib gəlinsin.

“Doğma ölkələrimizin üzərindəki qara buludlar dağılsın, fərqləri bir kənara qoyaraq, qardaş ölkələrimizdə sülhün və harmoniyanın bərqərar olunması naminə innovasiya, irəliləyiş sayəsində insan sivilizasiyasına ən dəyərli töhfə verən tərəf kimi islam özünün layiqli yerini bərpa etsin”, səfir qeyd edib.

XS
SM
MD
LG