Accessibility links

Hüquq müdafiəçisi saxlanılıb və azad buraxılıb


Elşən Həsənov

Hüquq müdafiəçisi Elşən Həsənov Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Bölməsində 5 saatdan çox saxlanıldıqdan sonra azad buraxılıb.

Hüquq müdafiəçisi bildirib ki, onunla bölmənin rəis müavini söhbət edib. Hüquq müdafiəçisinə partiya mənsubiyyəti, qohumları haqqında suallar verilib, ümumilikdə anket məlumatları yığılıb.

"Onlara dedim ki, partiyaların üzvü deyiləm, amma hüquq müdafiə fəaliyyəti ilə məşğul oluram, qohumlarım isə müxalif baxışlarımla əlaqədar mənimlə əlaqə saxlamırlar", Həsənov qeyd edib.

Eyni zamanda, onu 19 yanvar mitinqində iştirakının səbəbləri haqqında dindiriblər. Həsənov deyib ki, mitinq bloger Mehman Hüseynovun və digər siyasi məhbusların azad edilməsi tələblərinə həsr olunmuşdu və o, bu mitinqdə hüquq müdafiəçisi kimi iştirak edib.

"Mən dedim ki, siyasi məhbusların işlərinə, həbs yerlərində işgəncə faktlarına həsr olunmuş mitinqlər olarsa, yenə iştirak edəcəm", Həsənov bildirib.

O qeyd edib ki, polisdə onunla yaxşı davranıblar.

Həsənov hesab edir ki, polisə çağırılmasının əsl səbəbi Siyasi Məhbuslara Azadlıq Uğrunda İttifaqın martın 4-də yeni siyasi məhbuslar siyahısını dərc etməsi ola bilər. Həsənov bu təşkilatın koordinatorudur.

İki gün öncə Azərbaycanda Siyasi Məhbusların Azadlığı Uğrunda İttifaq siyasi məhbusların yeni siyahısını elan edib, saxlanma yerlərində və cəzaçəkmə müəssisələrində işgəncələr barədə sənəd açıqlayıb.

E.Həsənov bundan öncə 2011-ci il aprelin 2-də etiraz aksiyasında iştirak etdiyinə görə 2 il azadlıqdan məhrum edilib.

Polis Həsənovun saxlanılmasının səbəbi ilə bağlı hələ məlumat yaymayıb.

XS
SM
MD
LG