Accessibility links

Həbsdəki fəal və bloqqerin incidildiyi deyilir


NİDA Vətəndaş Hərəkatının üzvü Elgiz Qəhrəmanın və bloqqer Mehman Hüseynovun həbsxanada incidildiyi bildirilir.

Bu haqda "Turan" agentliyinə NİDA Vətəndaş Hərəkatından bildiriblər.

Elgiz Qəhrəman və Mehman Hüseynov 14 Saylı Cəzaçəkmə Müəssisəsində saxlanılır.

NİDA Vətəndaş Hərəkatından Samir Əsədlinin bildirməsinə görə, cəzaçəkmə müəssisəsində onlara ciddi problemlər yaradılır: "Onların hər ikisinin telefon danışıqlarına məhdudiyyət qoyulub. Mehman Hüseynov bu yaxınlarda mərhum anasının 40 mərasimi günündə evlə danışmağa buraxılmayıb. Onu atası ilə danışmağa qoymayıblar".

Elgiz Qəhrəman
Elgiz Qəhrəman

Samir Əsədlinin sözlərinə görə, Elgiz Qəhrəmanın da ailə üzvləri ilə ünsiyyət hüququ məhdudlaşdırılıb: "Elgiz Qəhrəmanın ailə üzvlərinin onunla görüşməsinə imkan verilmir. Son vaxtlar görüşə gedən nişanlısına görüş şəraiti yaradılmır. Soyadlarının uyğun olmamasını səbəb göstərirlər".

Samir Əsədlinin bildiridiyinə görə, hər iki məhbusa göndərilən sovqatlar da ciddi müdaxiləyə məruz qalır.

"Aparılan sovqat, ərzaq bağlamaları ciddi yoxlamaya məruz qalır. Yoxlama aparılması normaldır, ancaq yoxlama zamanı ərzaqları əzirlər, istifadəyə yararsız hala salırlar", Samir Əsədli bildirib.

Onun bildirdiyinə görə, Elgiz Qəhrəman və Mehman Hüseynov münasibət cəzaçəkmə müəssisəsinin rəhbərliyi dəyişdikdən sonra pisləşib.

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən və 14 Saylı Cəzaçəkmə Müəssisəsindən bu deyilənlərə münasibət öyrənmək mümkün olmayıb.

Mehman Hüseynov
Mehman Hüseynov

Xatırlatma

Elgiz Qəhrəman 2016-cı il avqustun 12-də saxlanıb və həmin gün onun haqqında CM-in 234.4.3-cü (külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi) maddəsi ilə həbs-qətimkan tədbiri seçilib. Onun üzərindən 3.315 qram heroin tapıldığı iddia olunur. O vaxt gənc fəalın bir həftə Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanaraq, vəkili ilə görüşə buraxılmadığı bildirilmişdi.

NİDA-çı gənc ötən il yanvarın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il 6 ay azadlıqdan məhrum edilib. Sonradan Bakı Apellyasiya Məhkəməsi də həmin hökmü qüvvədə saxlayıb. Ali Məhkəmədə isə Elgiz Qəhrəmanın cəzası 5 il 6 aydan 3 ilə endirilib.

Mehman Hüseynov isə 2017-ci il martın 3-də Suraxanı Rayon Məhkəməsinin hökmü ilə 2 il azadlıqdan məhrum edilib. O, Nəsimi Rayon Polis İdarəsi rəisinin xüsusi ittiham qaydasında qaldığı iddia əsasında cəzalandırılıb - polisə böhtan atmaqda təqsirli bilinib.

Mehman Hüseynov çəkdiyi videolarda hökumətin fəaliyyətini tənqid edib, yüksəkvəzifəli şəxslərin, deputatların olduğu deyilən bəzi mülklər barədə süjetlər hazırlayaraq sosial şəbəkələrdə yayıb. O, həbsinin fəaliyyəti ilə bağlı olduğunu bildirib.

Hüquq müdafiə təşkilatları Elgiz Qəhrəmanın da siyasi motivlərlə həbs edildiyini deyir.

Ancaq hakimiyyət rəsmiləri bildirir ki, Azərbaycanda heç kim peşə və siyasi fəaliyyəti ilə bağlı həbs edilmir.

XS
SM
MD
LG