Accessibility links

Prokurorluq: “Hacı Məmmədov intihar edib”


Hacı Məmmədov
Hacı Məmmədov

Adam oğurluğu, çoxsaylı qətllər və digər ağır cinayətlər törədən mütəşəkkil cinayətkar dəstənin başçısı kimi ömürlük azadlıqdan məhrum edilmiş, Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədovun intiharı ilə bağlı Bakı şəhər Prokurorluğunda cinayət işi başlanıb.

Bu barədə Amerikanın Səsinə Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib.

Onun sözlərinə görə, faktla bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb, istintaq aparılır.

H.Məmmədov müalicə olunduğu Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin İxtisaslaşdırılmış müalicə müəssisəsində özünü asıb.

H.Məmmədov 2016-cı il aprelin 25-də səhhətindəki problemlə bağlı Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Binə qəsəbəsindəki İxtisaslaşdırılmış müalicə müəssisəsinə köçürülüb. Ona ağciyər xəstəliyi ilə bağlı diaqnoz qoyulub.

Hacı Məmmədov və daha 26 nəfər 2005-ci il martın 9-dan 10-na keçən gecə keçmiş Milli Təhlükəsizlik Nazirliyinin həyata keçirdiyi “Qara kəmər” əməliyyatı nəticəsində həbs edilib. Belə ki, H.Məmmədov həmin il fevralın 10-da Beynəlxalq Bankın İdarə Heyətinin hazırda həbsdə olan sabiq sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanı oğurladıqdan sonra Milli Təhlükəsizlik Nazirliyi onun başçılıq etdiyi dəstənin izinə düşərək bir ay sonra onları zərərsizləşdirib

H.Məmmədova qarşı Cinayət Məcəlləsinin 80 maddəsi ilə ittiham irəli sürülüb, barəsində əmlakı müsadirə olunmaqla dəstənin digər 7 üzvü ilə bərabər ömürlük həbs cəzası çıxarılıb. O uzun müddət keçmiş Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında saxlanılıb. 2016-cı ildə isə Qobustan qapalı həbsxanasına köçürülmüşdü.

XS
SM
MD
LG