Accessibility links

Haitidə polis neft fondundan israfçılığa etiraz edən nümayişçilərə atəş açdı


Haitidə minlərlə insan ölkənin müstəqillik uğrunda vuruşmuş qəhrəmanlarından biri olan Jan Jak Dessalinin şərəfinə milli bayram vaxtına təsadüf edən korrupsiya qalmaqalına qarşı genişmiqyaslı etiraz aksiyasına çıxıblar.

Çox əziyyət çəkirik, yeməyimiz yoxdur, uşaqlar məktəbə gedə bilmir. Jovenel nə olmasından asılı olmayaraq prezident kürsüsünü tərk etməlidir
Haiti etirazçısı

Polis nümayişçilərə atəş açıb. Nəticədə etirazçılardan biri ölüb, bir neçəsi isə yaralanıb. Etirazçılar təkərləri yandırıb və polisləri daşa basıblar.

Nümayişçilər Venesuela ilə neft razılığından $3.8 milyard dolların mənimsənilməsi ilə bağlı araşdırma aparılmasını və prezident Jovenel Muazın istefasını tələb edib.

"Biz burada Jovenelin "Petrocaribe" fondundan oğurladığı pulları qaytarmasını tələb edirik. Çox əziyyət çəkirik, yeməyimiz yoxdur, uşaqlar məktəbə gedə bilmir. Jovenel nə olmasından asılı olmayaraq prezident kürsüsünü tərk etməlidir,” deyə etirazçılardan biri deyib.

Çərşənbə günü prezident Jovenel Muaz, birinci xanım Martina Muaz və baş nazir Jan Henri Seant Haitinin banisi Jan Jak Dessalinin 221-ci anım mərasimində iştrak ediblər. Əklilqoyma mərasimindən sonra bir polis işçisi nümayişçilərin atdığı daşdan yaralanıb.

2005-ci ilin iyun ayında Venesuelanın Karib dənizindəki müttəfiqləri ilə bağladığı Petrocaribe razılığı sayəsində qazanılmış pullar infrastruktura, sosial və iqtisadi layihıələrə xərclənməli idi.

Lakin bir neçə auditdən sonra məlum olub ki, əldə edilən gəlirlərin haraya xərcləndiyi bəlli deyil.

Qalmaqal baş nazir Jak Qay Lofortantın istefasına yol açıb.

2017-ci ilin noyabrında xüsusi Haitinin Senat Komissiyası sabiq prezident Mişel Martellinin rəhbərliyindəki hökumət səlahiyyətlilərini pulun mənimsənilməsində günahlandırıb.

XS
SM
MD
LG