Accessibility links

İyulun 23-də 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan Kanal13 İnternet Televiziyasının rəhbəri, jurnalist Əziz Orucov qaldığı kamerada kəskin havasızlıq səbəbindən huşunu itirərərk yıxılıb. Ayıldıqda kamera yoldaşının köməyi vasitəsi ilə təcridxananın məsul şəxslərini çağırıb, sonradan isə həkim çağırılıb. Jurnalistə hansısa adını bilmədiyi dərmanlar verilib. Bundan sonra vəziyyəti nisbətən sabitləşib.

Bu barədə vəkil Cavad Cavadov iyulun 25-də jurnalistlə görüşündən sonra facebook səhifəsində yazıb.

“O dəfələrlə müraciət edərək kamerasına öz hesabına sərinkeş keçirilməsini istəsə də buna imkan yaradılmır. Bu səbəbdən sonuncu dəfə evlə danışıq zamanı bu əhvalatı danışarkən qeyri insani rəftardan şikayət edib və danışığı yarımçıq kəsiilib. İyulun 25-də ona qohumları tərəfindən sovqatla birlikdə sərinkeş göndərilib, lakin günün sonuna qədər çatdırılmayıb. Eyni zamanda dəfələrlə təcridxana rəhbərliyinə yazılı və şifahi müracətlərinə baxmayaraq qanunla nəzərdə tutulmuş yaxınları ilə görüş verilmir və tutarlı cavab verilmir”, vəkil qeyd edir.

Vəkil baş verənlərlə bağlı müvafiq qurumlara və məhkəməyə müraciət etmək niyyətindədir.

“Kanal 13" İnternet Telerviziyasının Bakı bürosunun rəhbəri Əziz Orucova mayın 2-də Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 30 sutka inzibatı həbs cəzası verilib. O, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polisə müqavimət) maddəsi ilə ittiham edilib.

Ə.Orucovun inzibati cəzası başa çatan gün - iyunun 1-də ona cinayət ittihamı irəli sürülüb. Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində Ə.Orucov barəsində Cinayət Məcəlləsinin 192.2.2-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi açılıb.

Cinayət işi Ə.Orucovun təsisçisi olduğu "Qafqaz Media Təhqiqatları" İctimai Birliyi və “Kanal 13" ilə bağlıdır.

Nəsimi Rayon Məhkəməsi Ə.Orucov barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçib. Jurnalist ittihamları qəbul etmir.

XS
SM
MD
LG