Accessibility links

Yanvarın 12-də Cəlilabad rayon Məhkəməsində (Bakıdan 211 kilometr cənub) xuliqanlıqda ittiham olunan jurnalist Əfqan Sadıqov barəsində hökm oxunub. Məhkəmə onu 2,5 il müddətinə azadlıqdan məhrum edib (prokuror 3 il həbs istəmişdi).

"Azel.tv" saytının təsisçisi və redaktoru Ə.Sadıqov noyabrın 22-də saxlanılıb və Cinayət Məcəlləsinin 127.2.2-cü (xuliqanlıq niyyəti ilə sağlamlığa qəsdən ziyan vurma) maddəsi ilə ittiham olunub.

Söhbət avqustda rayon icra hakimiyyətinin binasında baş vermiş insidentdən gedir. Həmin vaxt rayon icra başçısının qəbul otağında Aliyə Rzayeva adlı bir qadın jurnalistə hücum edib və bundan sonra polis insidenti sağlamlığa ziyan vurma kimi protokollarınıb. Vəkil Elçin Sadıqov Amerikanın Səsinə bildirib ki, jurnalist ona qarşı təxribat törədildiyini və peşə fəaliyyətinə görə təqib olunduğunu deyib.

İttiham materiallarına əsasən, Əfqan Sadıqov guya 2016-cı il avqustun 9-da səhər saat 10-da Cəlilabad rayon icra başçısının qəbul otağında "zərərçəkmişi" vurub və o, huşunu itirib və dərhal xəstəxanaya aparılıb. Amma rayon xəstəxanasının qeydiyyat kitabında qeyd edilib ki, bu qadın saat 15.30-da xəstəxanaya daxil olub.

Bundan başqa, iş materiallarında ifadələr 9 avqust tarixlidir və onlarda bu qadının imzası var. Bu, onun bir neçə gün xəstəxanada huşsuz yatdığı haqqında iddialarla üst-üstə düşmür. Amma, məhkəmə uyğunsuzluqları araşdırmayıb.

İş üzrə bütün şahidlər rayon administrasiyasının işçilər olub.

Məhkəmə həmçinin müdafiə tərəfinin rayon icra başçısının qəbul otağındakı müşahidə kameralarının video görüntülərinə baxılması haqqında vəsatətini təmin etməyib. Çünki bu halda qadına heç bir hücumun olmadığı aydın olardı.

Vəkil hökmdən şikayət vermək niyyətindədir. Onun fikrincə, jurnalist rayondakı sosial problemləri, məmurların qanunsuz hərəkətlərini tənqidi şəkildə işıqlandırdığına görə təqib olunur.

XS
SM
MD
LG